Çempionlar Liqasının qrupunda sabah tarixi matça - ilk ev oyununa çıxacaq “Qarabağ” bu turnir çərçivəsində yubiley görüşünü keçirəcək. Fanat.Az-ın hesablamalarına görə, "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 20-ci duelini reallaşdıracaq.
İndiyə qədər ÇL-də 19 qarşılaşmada gücünü sınayan Ağdam komandasının hesabında 9 qələbə, 6 bərabərlik və 4 yenilgi var. Sürpriz sayəsində 10-cu zəfər qeydə alınsa, bu, əsl yubiley ab-havası yaradacaq.
Təmsilçimiz 10-cu dəfə ÇL matçına "doğma divarlar" arasında çıxacaq. "Qarabağ"ın ev oyunlarının heç birində rəqiblərinə boyun əyməməsi də vurğulanmalıdı. Beşqat ölkə çempionunun azarkeşləri önündə "arxasını yerə vuran" tapılmayıb. 5 dəfə fanatlarına zəfər sevinci yaşadan ağdamlılar, 4 dəfə heç-heçə edib.
Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sabah 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Fanat.Az