“Neftçi”nin baş məşqçisi funksiyasını yerinə yetirən Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- Böyükağa Hacıyevin istefasından sonra “Neftçi”nin baş məşqçisi funksiyasını yerinə yetirirsiz. Bu, müvəqqətidi?
- Baş məşqçi məsələsini klub rəhbərliyi həll edir. Baş məşqçinin kim olacağını yalnız “Neftçi”nin prezidenti bilir. Hələlik baş məşqçi olmasa da, məşqçilər korpusu buna görə hansısa problem yaranmaması üçün əlindən gələni edir.
- Siz baş məşqçi olmağa hazırsız?
- Bu sual mənə ötən mövsüm də verilmişdi. Mənə elə gəlir ki, baş məşqçi ola bilərəm. Tezliklə 42 yaşım tamam olacaq. Artıq işləmək, özümü göstərmək vaxtıdı. Əlbəttə, “Neftçi”də işləmək çox çətindi. Amma bu komanda və futbolçular barədə çox şey bilirəm. Bu, mənim üçün tanış kollektivdi. Əgər bu post mənə həvalə olunsa, ümidləri doğrultmaq üçün əlimdən gələni edəcəm.
- Çempionlar Liqasındakı uğursuzluqdan sonra futbolçuları məşq etdirmək çətin deyil ki?
- Komanda üzərində psixoloji təzyiq hiss olunur. Amma biz olanların geridə qalması üçün işləyirik. Zamanla hər şey unudulacaq. Başa düşürük ki, Albaniya “Skenderbeu”su ilə oyunlardakı uğursuzluğu heç kim gözləmirdi. Lakin belə alındı və indi bütün diqqətimizi çempionata yönəltməyə məcburuq. Fikrimcə, yeni mövsümün startına qədər hər şey qaydasına düşəcək.
- Sizcə, “Neftçi” “Skenderbeu” səddini niyə keçə bilmədi?
- Səbəblər çoxdu. İlk növbədə rəqibi qiymətləndirməmək. Çoxları Albaniya çempionatının bizim Premyer Liqadan zəif olduğunu düşünürdü. Buna görə də belə qənaətə gəlirdilər ki, “Skenderbeu” da güclü deyil. Bizdə də arxayınlıq yaranmışdı, artıq özümüzü üçüncü təsnifat mərhələsində hiss edirdik. Belə fikirlər hətta məşqçilər korpusunda da var idi. Albanların bizə ciddi problem yaradacağını düşünmürdük.
- “Skenderbeu” ilə oyunlarda komanda üzvləri arasındakı münasibətlərin də qaydasında olmadığını üzə çıxardı və bu, çoxlu müzakirələrə yol açdı...
- Futbol kişi oyunudu. Belə bir kollektivdə hansısa münaqişənin olmaması mümkünsüzdü. Lakin bunda heç bir faciəvi məqam görmürəm. Məşqlərdə Mahir Şükürovla Bruno Bertuççi daim bir yerdə olurlar və onların arasında heç bir fikir ayrılığı yoxdu.
- ÇL-dəki uğursuzluq sizə çempionatda da problem yaratmayacaq ki?
- İstisna deyil. Amma çempionat uzun marafondu. Biz komandanın özünə inamını geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Hədəfimiz dəyişməz olaraq qalır: çempionluğa oynayacağıq. Bu mövsüm daha çətin və maraqlı keçəcək.
- Julius Vobayın gedişinə münasibətiniz necədi?
- Vobay komandamızın aparıcı futbolçularından biri idi. O, çempionatda bizə çox kömək edirdi. Amma bu gün “Neftçi”nin heyətində xeyli gənc futbolçu var ki, onu əvəzləyə biləcək gücdədilər.
- Yeni transferlər olacaq?
- Sonuncu transferimiz Ernest Nfordu. Ondan sonra heç kimlə danışıq aparmamışıq. Komandada çoxlu perspektivli futbolçular var. Onlar təcrübəli futbolçularla yaxşı rəqabət aparırlar. Elşən Abdullayevin, Nicat Qurbanovun adını çəkə bilərəm. Onlara şans vermək lazımdı. Gənc futbolçularımızın da çempionatın atmosferini yaşamasını istəyirik.
İdman24.az