"Namizədliyim "Sumqayıt" klubu tərəfindən Peşəkar Futbol Liqasına (PFL) göndərilib. PFL-də AFFA-ya təqdim edib. Yəni bu məsələdən xəbərim var". Fanat.az xəbər verir ki, bunu report.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin (MK) sədri Vaqif Sadıqov deyib.
Sadıqov AFFA İcraiyyə Komitəsində Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar boşalan üzv yerinə namizədliyinin niyə məhz "Sumqayıt" tərəfindən irəli sürülməsinə də aydınlıq gətirib: "Sumqayıt"la mənim bağlılığım çoxdu. Görürük ki, bu bağlılığı yaddan çıxartmayıblar. Azərbaycan futbolundakı xidmətlərimi nəzərə alıb belə bir məsləhət görüblər".
PFL-in üzvü kimi namizədliyi təqdim olunan komitə sədri seçkinin nəticəsindən asılı olmayaraq Məşqçilər Komitəsindəki işinə davam etmək istədiyini vurğulayıb. O, istənilən halda məşqçi olduqlarını xatırladıb və öz tövsiyələri ilə Azərbaycan futbolunun inkişafına dəstək verməli olduqlarını söyləyib: "Martın 6-da keçiriləcək konfransda üzvlüyüm qəbul olunsa, komitədəki işimi davam etdirmək istərdim. Düşünürəm ki, MK-nın digər üzvləri namizədliyimi yaxşı qəbul edirlər. Bu məsələni onların hər birindən ayrılıqda soruşsanız, daha yaxşı olar. Hər bir iş məsuliyyət tələb edir. Mən məsuliyyətli insanam. Digər işlərdə olduğum kimi, bu işdə də məsuliyyətli olacağam. Ən vacibi odu ki, biz futbolumuz üçün əlimizdən gələni etməyə hazır olmalıyıq".
Fevralın 17-də 50 yaşını qeyd etmiş Nazim Süleymanovun hazırda işsiz qalmasından söz açan Sadıqov onunla bağlı planlarının olduğunu deyib. Lakin o, planlarını açıqlamaq istəməyib: "Nazim müəllim barədə fikirlərimiz çox ciddidi. O da bizdən biridi, məşqçidi və futboldan kənarda qalmamalıdı. Mütəmadi olaraq onunla danışıram. İnanıram ki, istədiyimizə nail olacağıq".
Sadıqov Məşqçilər Komitəsindən ayrılmaq lazım gələrsə, onu postda layiqincə əvəz edəcək insanların olduğunu da bildirib: "Əvəzolunmaz insan yoxdu. Komitənin hər bir üzvü buna layiqdi. Əvvəl gündən danışmışdıq ki, bizim aramızda vəzifə bölgüsü olmayacaq. Layiq olan əvəz edəcək və işi də peşəkarcasına davam etdirəcək".
Fanat.az