"İnter"in prezidenti Georgi Nikolov klubun fəxri prezidenti Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsindən istefasına münasibət bildirib. Fanat.az xəbər verir ki, bolqarıstanlı funksioner "Report"a açıqlamasında bu istefanı gözlənilməz qarşıladığını bildirib.
Nikolovun sözlərinə görə, öncədən Hacıyevin səhhəti ilə əlaqədar bank rəhbərliyindən ayrılmaq istəyindən xəbərsiz olub: "Onunla AFFA Konfransında söhbət etmişdik. Mənə istefa vermək niyyətində olduğunu deməmişdi".
Klub prezidenti bildirib ki, bank rəhbərinin gedişinin "İnter"in fəaliyyətinə necə təsir edəcəyini indidən söyləmək çətindi. O, situasiyaya aydınlıq gələnədək gözləməyi tövsiyə edib.
Qeyd edək ki, Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsindən səhhəti ilə əlaqədar istefa verib. O, "İnter"in fəxri prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvüdü.
Fanat.az