“Rəvan” rəhbərliyinin çempionatı tərk etməmək haqda qərar qəbul etməsi komandanın sükanı arxasına yeni baş məşqçinin gətirilməsi məsələsini aktuallaşdırıb. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi Ramil Əliyevin işindən o qədər də narazı olmasa da, onun yerinə namizədlər fikirləşir.
Belə ki, ikinci “altılıq” oyunları zamanı “Xəzər Lənkəran”ı qabaqlayaraq 8-ci pilləni tutsa da, ardıcıl 3 oyunda (“Sumqayıt”, “Kəpəz” və AZAL ilə matçlarda – S.T.) alınan yenilgi “Rəvan” rəhbərliyində bu məşqçinin hələ təcrübəsiz olmasına dair fikir formalaşdırıb.
Əldə etdiyimiz məlumata görə, “Rəvan” rəhbərliyi yeni mövsümdən sükanı “Qəbələ”nin sabiq çalışdırıcısı Ramiz Məmmədova etibar etmək istəyir. Bu çalışdırıcı ilə əlaqə saxladıq. O, bunu təkzib etməsə də, danışmaq istəmədiyini bu yolla ifadə etdi: “Hazırda futbol haqda danışmaq, düşünmək istəmirəm. Mingəçevirdə istirahət edirəm. Nə vaxt futbola qayıtsam, onda da danışacam”.
İdman24.az