“Mənim üçün burda demək olar ki, süpriz qalmayıb. İstənilən çempionatda olduğu kimi, Azərbaycan Premyer Liqasında da 3-4 güclü klub var ki, çempionluq uğrunda mübarizə aparacaq. Şübhəsiz ki, “Qəbələ” də onlardan biri olacaq”. Fanat.az xəbər verir ki, sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis vətənində verdiyi açıqlamada “Qarabağ” Avropa Liqasındakı çıxışına da toxunub: “Qarabağ”ın Avropa Liqasında Almaniya “Ayntarxt”la oyunlarına diqqət yetirərsiz. Bu, Azərbaycan futbolu üçün çox yaxşı test olacaq. Fikrimcə, “Qarabağ” duruş gətirə biləcək. Çox yaxşı komandadı”.
Syomin həmçinin Topaz Premyer Liqasının III turunun “Sumqayıt”la oyunundakı hakimliyə də toxunub: “Yüngül desək, hakimlik daha yaxşı ola bilərdi. Bu üzdən azarkeşlərimiz də etiraz aksiyası keçirməyə qərar verdilər. Bütövlükdə, biz mövsümə yaxşı başlamışıq. Son oyunumuz zamanı çox isti vardı. Meydançanın durumu da yaxşı deyildi. Bir sözlə, çətinliklər çox idi. Amma bütün bunlar bəraət hesab oluna bilməz. Biz həqiqətən yaxşı oynamadıq”.