Qurban Qurbanovun Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunması məsələsinə bu ilin sonunda baxıla bilər. Fanat.az xəbər verir ki, bu barədə “Trend”ə AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib.
Millət vəkili “Qarabağ”ın baş məşqçisinin milli komandaya rəhbərlik edəcəyi barədə yayılan məlumatlara münasibət bildirib: “Son vaxtlar “Qarabağ” klubu kifayət qədər yaxşı oyun nümayiş etdirir, Avropa Liqasının pley off mərhələsinə yüksəlib. Qurban Qurbanov istedadlı cavan kadrdır, “A” və “PRO” kateqoriyalı lisenziyalar alıb. Lakin gözləmək lazımdır, çünki Berti Foqtsun bu ilin sonunadək müqaviləsi var və DÇ-2014-ün seçmə mərhələsini yekunlaşdırmalıdı. Mərhələ bitəndən, müqavilə başa çatandan sonra bu məsələyə baxılmalıdı. Hər şey qanun çərçivəsində, sivil formada baş verməlidi”.
Əliyevin sözlərinə görə, milli komandaya elə məşqçi gəlməlidi ki, yığma komanda nəticə göstərsin: “Sevindirici haldı ki, belə kadrlarımız var. Foqts artıq iki mərhələ işlədi, elə böyük nəticələrə nail olmadı. Tendensiya artıq ona doğru getməlidi ki, bizim yerli kadrlar həm klublarda, həm də yığmada olmalıdır. AFFA tərəfindən xeyli sayda praktiki kurslar həyata keçirilir. İstənilən klubdakı oyunçular düşünməlidirlər ki, onlar sabah milliyə qatılacaqlar”.