“Qarabağ” kənardan göründüyü qədər pis komanda deyil. Maliyə baxımdan da klub yaxşı vəziyyətdədi. Mən “Qarabağ”ın ikinci Bundesliqa klubları səviyyəsində bir komanda olduğunu deyərdim. Əgər “Ayntraxt” yaxşı vəziyyətdə olsa, komanda onlar üçün problem olmamalıdı”. Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçılarla işləyən məşqçisi Uli Ştayn deyib.
Mütəxəssis Almaniya mətbuatına açıqlamasında Premyer Liqanın səviyyəsinin yüksək olmadığını bildirib: “Azərbaycan çempionatını tanıyıram. Premyer Liqanın səviyyəsi elə də yüksək deyil. “Qarabağ” Azərbaycanın bu mövsüm Avropadakı dörd təmsilçisindən mübarizəni davam etdirən yeganə klubdu. Bunun özü də elə nədənsə xəbər verir. Əgər tərəflər arasında yalnız bir oyun keçirilsəydi, Ağdam klubu sürpriz edə bilərdi. Amma indiki vəziyyətdə şans azdı. Çünki qarşıda Frankfurtdakı cavab görüşü də var”.
Ştayn “Qarabağ”ın əcnəbi futbolçuları ilə bağlı danışıb: “İki braziliyalı futbolçunu yaxşı tanıyıram. Bu yaxınlarda daha bir braziliyalı ilə müqavilə imzalayıblar. Amma onların bu mövsüm necə oyun sərgilədiklərini görməmişəm. Azərbaycanda bu komandadan çox razıdılar. Lakin çempionat kimi, bu klubun da səviyyəsi diqqət çəkəcək qədər yüksək deyil. İndi daha səviyyəli braziliyalı legionerlər İspaniya, Almaniya kimi ölkələrdə oynamağa üstünlük verirlər, Azərbaycanda yox”.
Alman jurnalistin “Qarabağ”ın heyətində xorvatiyalı qapıçı Miro Varvodiç də çıxış edir. Vaxtilə o, Bundesliqada “Köln”də çıxış edib” sözlərinə millimizin məşqçisi belə cavab verib: “Köln” klubunda o, üçüncü qapıçı kimi çıxış edirdi. Miro yaxşı qapıçı olsa da, digər qapıçı Fərhad Vəliyevdən yaxşı deyil”.