“Oyunumuz o qədər də yaxşı alınmadı. Rəqib bütün meydan boyu pressinq tətbiq edirdi. Biz isə hücum, öz oyunumuzu qura bilmirdik. İkinci hissədə yaxşı imkanlarımız oldu. Biz qol vuracağımız halda rəqib ikinci dəfə fərqləndi. Demək olar ki, bununla da oyunun taleyi həll olundu”. Fanat.az xəbər verir ki, bu sözləri “Ayntraxt”la oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Millimizin üzvü meydançanın biabırçı vəziyyətdə olduğunu bildirib: “Meydanın vəziyyəti haqda danışmaq istəmirəm. Biabırçılıq idi. Onsuz da topla oynamaq çətin idi, bir tərəfdən də rəqibin pressinqi. Bilmirdin, pressinqlərin qarşısını alasan, yoxsa öz oyununu qurasan. Yəni, gözlənilməz bir hal idi. Mən bununla bəhanə gətirmək istəmirəm, amma təəssüflər olsun ki, bu cür qarşılaşmanı belə meydanda oynadıq”.
Sadıqov təcrübənin öz sözünü dediyini qeyd edib: “Təcrübə və ustalıq öz sözünü dedi. Onların son vuruşları bizim son vuruşlardan dəqiq idi. Hər iki komandanın 3 təhlükəli epizodu oldu. Amma “Ayntraxt” daha dəqiq oldu və lazımi nəticəni qazandı”.
Rəşad mərhələ adlamaq şanslarının çox az oldüğünü bildirib: Mərhələ adlamaq çox çətindi, amma əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ın adına layiq oyun nümayiş etdirək. Rəqib doğrudan da güclü idi. Biz “Ayntraxt”ın oyunlarını analiz etmişdik. Bu qədər güclü olacaqlarını fikirləşmirdik. Amma görünür, rəqib bizi daha yaxşı analiz edib. Çox qüvvətli, ustalıq səviyyəsi yüksək olan komandadı. Sol cinah müdafiəçisinin ötən mövsüm Bundesliqada 10 məhsuldar ötürməsi olub, sağ və sol cinah yarımmüdafiəçilərinin 8 qolu, 7 məhsuldar ötürməsi var, bu gün “dubl” edən Aleksandr Mayer 16 qol vurmuşdu. Ustalıq səviyyələri yüksəkdi, Bundesliqada öz sözlərini demiş oyunçulardı. Bu da meydanda özünü göstərdi”.