Əli Sahib
97 il əvvəl...
Həmin şəhərdə - Tiflisdə.
O şəhərdə ki, müsəlman şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
O şəhərdə ki, 10 gün Milli Şuramız fəaliyyət göstərdikdən sonra Gəncəyə köçüb.
O şəhər ki, tariximizdəki əlamətdar hadisələrə görə bizim sevgimizi, hörmətimizi qazanıb.
97 il sonra...
Həmin şəhərdə 97 il əvvəl müstəqilliyini elan etmiş dövlətin bayrağı yandırılır, həm də ilk dəfə yox.
Niyə? Bəlkə bu suala soyuq başla cavab tapaq.
Bu kimə sərf edir?
Mavi yanacağından tutmuş neftinə qədər Azərbaycandan aslı olan dövlət və yaxud həmin dövlətin vətəndaşı bunu edər? Biz onlarda hansı qıcığı yaratmışıq ki, bu addımı atsınlar? Əslində yaxşılıqdan başqa heç nə etməmişik.
Azərbaycan ərazisində yaşayan minlərlə Gürcü burdakı həyat tərzindən məmnundu. Minlərlə Azərbaycanlı istər yay, istər qış aylarında istirahət üçün Gürcüstana üz tutur. Hansı orda təhqir olunub? Hansı orda Azərbaycana qarşı kin hiss edib? İndiyə qədər belə söhbət eşidən olubmu? Məncə olmayıb.
Gürcü azarkeşlər Qəbələyə gələcək. Öz sevimli komandalarını dəstəkləmək üçün. Sosial şəbəkələrdə isə onlara qarşı nifrət kampaniyası aparılır. “Bayraqları yandırılmalıdı”, “döyülməlidilər” kimi fikirlər millət olaraq bizə yaraşmır. Bir dövlətin bayrağını yandırmaq kimi asan bir şey yoxdu. İstənilət dövlətin bayrağı satışda var. Al, yandır. Bu qəhrəmanlıqdımı? Və yaxud, problemin həlli budurmu? Əgər problemimiz bununla həll olunursa, hərəyə bir erməni bayrağı alıb yandıraq.
Əzizlərim, biz millət olaraq böyüklüyümüzü sübut etməliyik. Kiminsə bayrağını yandırmaq, millətə başucalığı gətirmir. İki millətin arasında soyuqluğa və nifrətə gətirib çıxaran hərəkətdi bunlar. Qafqazda bizimlə gürcülərin qarşıdurması kimə sərf edir? Əlbətdə ermənilərə. Kimsə bu fikrimə ağız büzüb “erməni priçom” deyə bilər. Amma unutmayın ki, Gürcüstanda xeyli erməni və ermənipərəst gürcü var. Bu onların təxribatı ola bilməzmi? “Dinamo” azarkeşinin bayrağımızı yandırmağına bir səbəb göstərin. O vaxt qıcıq olardılar ki, “Qəbələ” meydandan qalib ayrılsın. Sevinən tərəf gürcülərdi. Aqresiya göstərməyə onların səbəbi yoxdu.
Bir fakt da deyim. Hələ oyun başlamazdan əvvəl həmyerlilərimizdən biri “Qəbələ”nin bayrağı ilə şəkil çəkdirmək istəyib. Kimsə arxadan bayrağı qapıb qaçıb. Bu olayı eşidəndə həmyerlimizdən kimlərin olduğunu soruşdum. O isə gürcü fanatları göstərdi. Onlara yaxınlaşdım, söhbət etdim. Heç bir aqressiv hərəkət görmədim. Əksinə, onların rəhbəri - Koba - bunun çox pis hərəkət olduğunu söylədi və fan-klubun üzvlərinə zəmanət verdi. Kobanın bir sözünü də deyim. O, əlini göyə uzadıb: “Bir Allah şahiddi ki, azərbaycanlılara qarşı bu hərəkəti etmərik” dedi. Mən gördüyümə inanıram. Kobanın ucadan “Qafqazda iki millət var. azərbaycanlılar və gürcülər! Üçüncü dediyiniz millət .....” deməsi isə fan-klub üzvlərinin alqışına səbəb oldu. Yəni dediyim odu ki, hər hansı bir təxribatçının etdiyi hərəkətə görə bu münasibətlərin üstündən xətt çəkmək olmaz.
Bəli, bayrağın təhqir olunmasına görə cavab verək. Amma bayraq yandırmaqla yox. Bunu etsək, bizim onlardan fərqimiz nə olacaq? Böyüklük edib utandıraq.
Məsələn, “Qəbələ”nin azarkeşləri qonaq komandanın azarkeşlərinin şəhərə girişdə gül və pankartla qarşılasın. “Erməni təxribatı Azərbaycan Gürcüstan qardaşlığını sarsıda bilməz!” kimi pankartlar.
Anlamalıyıq ki, edəcəyimiz hər bir mənfi hərəkət cəzaya səbəb ola bilər. Söhbət maddiyyatdan getmir. Texniki məğlubiyyətəcən gəlib çıxa bilər. Sosial şəbəkələrdə milləti qızışdırmaq əvəzinə, 90 dəqiqə susmadan “Qəbələ”ni qələbəyə səsləyək!
Bayrağı təhqir etmək böyüklük deyil. Böyük olaq, böyüklük edək!