Tiflis "Dinamo"su UEFA-ya şikayət etməyə hazırlaşır. Fanat.az xəbər verir ki, Gürcüstan klubu ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə cavab matçında baş verənlərdən narazı qalıb.
Bunu "Dinamo"nun icraçı direktoru Nikoloz Jharkava yerli telekanala açıqlamasında bəyan edib. O, qeyd edib ki, Qəbələ şəhər stadionunda baş verənlərlə bağlı UEFA-ya mütləq məlumat verəcəklər.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçında ötən gün yerli azarkeşlər "Burchali is ancient Azerbaijan land", "Sarvan no Marneuli", "Bostandere No Rustavi" və "Choruk Gemerli! No Bolnisi!" plakatları nümayiş olundu. Amma polislər həmin plakatları dərhal yığışdırdılar. İkinci hissənin əvvəlində isə Gürcüstan bayrağının yandırıldığı iddia olunur.
Bütün bunlar isə gürcü fanatların Tiflisdəki oyunda etdiklərinə cavab idi. Məsələ burasındadır ki, həmin oyunda da "Dinamo" azarkeşləri "Biz Zaqatalanı və Qaxı xatırlayırıq, 1921" plakatını asmışdılar. Bu azmış kimi, azərbaycanlı azarkeşlərə hücum edilmiş, onların əllərindən bayraqlar və plakatlar alınmışdı. Hətta həmin bayraq və plakatları ayaqları altına ataraq, şəkillərini internetdə paylaşmaqdan da çəkinməmişdilər. Bütün bunlar da azərbaycanlı futbolsevərləri özündən çıxarmışdı və cavab oyununda baş verənlərin əvəzini çıxmaq istəyirdilər.
"Dinamo" rəhbərliyi isə iddia edir ki, bütün bu təxribatçı hərəkətlərdə onların əli yoxdu. Guya Tiflisdəki plakatı açanlar "Dinamo"nun fan-klubunun üzvləri deyilmiş və həmin plakatı dərhal yığışdırıblar. Digər olaylar isə stadiondan kənarda baş verib və buna görə onlar heç bir məsuliyyət daşımırlar. "Qəbələ"də isə hər şeyin arenada baş verməsi səbəbindən onlar bunu fürsət bilib, UEFA-ya şikayət ünvanlamaq fikrindədilər.
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov baş verən hadisələrə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün stadionda açılan bannerlər bizi çox narahat edir. Təhlükəsizlik orqanları ilə görüşdüm, onlardan günahkarların tapılmasını xahiş etdim. Belə təxribatlara yol vermək olmaz. "Dinamo" rəhbərliyi UEFA-ya müraciət etmək istəyir? Biz onlarla bu barədə danışacağıq. Burada bizim klubun günahı yoxdur. Çünki həmin bannerləri klubumuzun fan-klubunun üzvləri açmayıblar. Əksinə, biz həmin şəxslərin tapılmasında və cəzalanmasında maraqlıyıq. Hər bir ölkənin bayrağına, atributlarına hörmətlə yanaşmaq lazımdır, necə ki, biz özümüz də başqalarından bunu tələb edirik. Tiflisdəki oyunda baş verən təxribatlar gürcü xalqının mövqeyi deyildi. Tolerant olmaq lazım idi".
Fanat.az