“Mən də sizin kimi, məyusam. Komandam çox istəyirdi qalib gəlsin. Təəssüf ki, biz istədiyimiz kimi olmadı”. Fanat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Seltik”i qəbul edən “Qarabağ” meydançanı 0:0 hesabı ilə tərk edib. Şotlandiyadakı ilk qarşılaşmada rəqibinə minimal hesabla (0:1) uduzan Ağdam təmsilçisi bununla da Çempionlar Liqası ilə vidalaşıb.
Təmsilçimiz mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında sözlərinə bu cür davam edib:
“Çox yüksək səviyyəli komandaya qarşı mübarizə aparırdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bizim azarkeşlərimiz heç də “Seltik” azarkeşlərindən geri qalmırlar. Hər birinə çox sağ ol deyirəm”.
- Bu gün “Qarabağ”ın ən zəif mövqeyi hücumameyilli oyunçular idi. Bununla razısız?
- Xeyr, mən meydançada zəif oyunçu görmədim. Hər biri mübarizə apardı. Nəzərə almaq lazımdı ki, rəqib də güclü “Seltik” idi. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.
- Müdafiəçilər Şehiçə həddən artıq çox geriyə ötürmə verirdilər. Bu sizin tapşırığınız idi?
- Görürəm ki, fikirlərimiz üst-üstə düşmür. Siz başqa cür görürsünüz. Futbolçular lazım olanı edirdilər. Lazım olanda qapıçıya ötürmə verirdilər. Çalışdıq hücumameyilli oyun göstərək.
- Bunu sizin rəhbərliyiniz altındakı ən zəif oyun saymaq olarmı?
- Biz “Seltik”ə qarşı oynayırdıq. Ola bilər ki, hansısa çatışmazlıq oldu. Biz əlimizdəki oyunçulardan maksimum yararlanmağa çalışırıq. Futbolçular sona qədər mübarizə apardılar. Nəticədən razı qalmasam da, oyundan məmnunam. Mən komandama heç vaxt zəif demərəm. 15 yaşlı oyunçularla çıxış etsək də, komandamı zəif saymaram.//apaspot.az
Fanat.az