Bu gün Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprin "Apollon" klubu ilə cavab matçına çıxacaq "Qəbələ" klubu azarkeşlərə müraciət ünvanlayıb. Fanat.az xəbər verir ki, səfərdə keçirilmiş ilk oyunda 1:1 hesablı bərabərliyə razılaşmış bölgə təmsilçisi müraciətdə bunları vurğulayıb:
Əziz "Qəbələ"sevələr,
Bildiyiniz kimi, komandamız bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprin "Apollon" klubunu qəbul edəcək. İlk oyunda - Cənubi Kiprdə baş tutan qarşılaşmada komandamız yerli azarkeşlərin təzyiq, təhdid və təhqirlərinə məruz qaldı. Lakin futbolçularımız vurduqları bərabərlik qolu, rəhbərliyimiz isə lazımi instansiyalara müraciət etməklə kiprli azarkeşlərin layiqli cavabını verdi.
İndi cavab vermə növbəsi Sizdədi. Siz öz humanist davranışlarınızla idman meydanlarında qabalığa yer olmadığını, azərbaycanlı azarkeş mədəniyyətini kiprlilərlə yanaşı, UEFA nümayəndələrinə nümayiş etdirməlisiniz. Qeyd etmək istərdik ki, daim oyunlara bir nümayəndə göndərən UEFA matç ətrafındakı gərginliyi nəzərə alaraq bu dəfə 2 səlahiyyətli şəxsin "Qəbələ" - "Apollon" görüşünə ezam olunmasına qərar verib. Bu da hər hansı bir mənfi hal baş verərsə, komandamızı böyük cəzaların gözlədiyini göstərir.
Ümid edirik ki, həmin şəxslər Avropanın ali futbol qurumuna təqdim edəcəkləri hesabatlarında "Qəbələ" azarkeşləri və klubu haqqında müsbət rəylər bildirəcəklər!
Gəlin diqqətimizi yalnız oyuna yönəldək, birlikdə komandamızı qələbəyə səsləyək, ona dəstək olaq və növbəti uğurlarına şahidlik edək!!!
Fanat.az