“Kəpəz” ev oyununu Gəncədə keçirəcək. Fanat.az xəbər verir ki, Gəncə şəhər stadionunda görülən hazırlıq işləri artıq başa çatıb və komandanın Nizami yurdunda oynamasına razılıq verilib.
Belə ki, bu gün Peşəkar Futbol Liqasının rəsmiləri stadionda olub. Adı çəkilən qurumun Texniki-İdman şöbəsinin əməkdaşları arenaya baxış keçirərək təftiş aparıblar və vəziyyətdən razılıq ediblər.
Bu arada “Zirə” ilə ev oyununun hazırlıqlarına Bakıda başlayan “Kəpəz” məşqlərin bundan sonrakı hissəsini Gəncədə davam etdirəcək. “Sarı-göylər” avqustun 14-dən etibarən məşqlərini Gəncə şəhər stadionunda keçirəcək. Məşqlər saat 19.00-a təyin olunub.
Komandanın avqustun 14-15-də keçiriləcək məşqləri mətbuat və azarkeşlər üçün açıq olacaq. “Kəpəz”in hazırlıq prosesini izləmək istəyənlər stadiona təşrif buyura bilərlər.
Qeyd edək ki, “Kəpəz” çempionatın II turu çərçivəsində avqustun 16-da saat 18.30-da doğma divarlar arasında “Zirə”ni qəbul edəcək.
Fanat.az