“Zirə” Topaz Premyer Liqasında yaranan fasilə müddətində hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın debütantı artıq bir yoxlama görüşündə də qüvvələrini sınayıb.
Komanda “Ağsu” ilə üz-üzə gəlib. Baş məşqçi Adil Şükürov start heyətində Kamal Bayramov, Eltun Hüseynov, Çimezi Mba, Yovan Krneta, Aleksandr Şemonayev, Tərzin Cahangirov, Viktor İbekoyi, İqor İvanoviç, Rəşad Abdullayev, Təmkin Xəlilzadə və Nurlan Novruzovu meydana buraxıb.
Oyuna “Zirə” üstün başlasa da, əks-hücumda yaxşı oynayan “Ağsu” tezliklə hesabı açıb. Əli Bağırov fərqlənib. Bundan sonra bir neçə təhlükəli hücum həyata keçirən "Zirə" 38-ci dəqiqədə sağ cinahdan həyata keçirilən həmləni qolla tamamlayıb. Eltun Hüseynovun qapı qarşısına ötürməsini qəbul edən İqor İvanoviç baxımlı zərbə ilə topu “doqquzluğ”a göndərib - 1:1.
İkinci hissədə baş məşqçi Elməddin Məmmədov, Hacı Əhmədov, Ruslan Cəfərov, Luiz Alberto Tato, İlqar Hüseynov, Vüsal İsgəndərli, Mirkamil Həşimli və Nicat Qurbanovu meydana buraxıb. Son 45 dəqiqədə də “qartallar” üstün oyun sərgiləyib və bu hesabda da öz əksini tapıb. Əvvəlcə Vüsal İsgəndərlinin qapıya paralel ötürməsini Nurlan Novruzov qola çevirib. Ardınca Hacı Əhmədovun cinah ötürməsi ilə Vüsal İsgəndərli oyunda son nöqtəni qoyub. Brləliklə, “Zirə” yoxlama oyununda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Zirə" sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək.
Fanat.az