Xalq yazıçımız, dəyərli Çingiz Abdullayevin ötən gün "Qarabağ"la oyundan sonra verdiyi müsahibə məni yaman kövrəldi. Dağ boyda "Neftçi"nin Müşahidə Şurasının sədri qazanılan 1 xala görə elə sevinmişdi, elə sevinmişdi... Kasıbın əlinə var düşən kimi, xəstənin könlünə nar düşən kimi...
56 yaşlı ziyalı həm də əsəbləşmişdi. Fariz Yusifovun qarşılaşmanın son dəqiqəsində bakılıların qapısına şübhəli penalti təyin etməsi "ağ-qaralar"ın kefinə Hövsan soğanı doğramışdı. Cənab Abdullayevə hardasa haqq qazandırmaq olar. Amma ona 56 yaşında əsəbləşməsini rəva görmürəm. Düzdü, "Neftçi" sağlamlığa ziyandı. Amma əsas can sağlığıdı, sağlamlıqdı. Postdu, vəzifədi, futboldu, klubdu gəldi-gedər şeylərdi.
Hirsi soyumayan cənab sədr, daha sonra müsahibəsində ona mikrafon, diktafon uzadan jurnalistlərə də müraciət edib: "Hamızına üz tuturam - əgər futboldan başınız çıxırsa, heç olmasa insafla yazın ki, "Neftçi” "Qarabağ”dan pis oynamayıb. Sevinirəm ki, bizim gənc futbolçularımız, məşqçimiz belə gözəl komanda formalaşdırıb. İnanıram ki, bu cür davam etsə, 2-3 ilə uğur qazanacağıq. Futbolçular artıq yavaş-yavaş bir-birlərinə uyğunlaşır. Oyunçularımızın əksəriyyəti çox gəncdi. Hazırda ən gənc komanda bizdədi. Bunu niyə yazmadığınızı bilmirəm".
Oyundan sonra həm evə gəldim, həm də insafa. Düşündüm ki, Abdullayevin sözlərində həqiqət var. Kompyuterin qarşısında oturub, kiçik bir araşdırma apardım. Futboldan əgər zərrə qədər başım çıxırsa, niyə də bunu etməyim?
Məlum oldu ki, "Neftçi" heç də gənc komanda deyil. Sadəcə, bu, "gəncik, təcrübəsizik" deməklə, müəyyən uğursuzluğa görə məsuliyyətindən yayınmaq növüdü. Məsələ burasındadı ki, Samir Əliyevin "Qarabağ"a qarşı irəli sürdüyü ilk 11 futbolçunun ümumlikdə 262 yaşı var. Maraqlıdı ki, bu rəqəm "Rəvan"da 260-dı. Ötən tur "Neftçi" qarşısında azlıqda qalan, bununla da belə rəqibinə təslim olmayan "Xəzər Lənkəran"isə ən gənc komandadı. Yunis Hüseynovun "Neftçi" ilə oyunda start heyətdə güvəndiyi futbolçuların ümumi yaşı 236-dı idi.
Çingiz bəylə yanaşı "Neftçi" rəhbərliyində çalışan digər şəxslərin, o cümlədən də icraçı direktor Elnur Məmmədovun "gənclərdən ibarət heyətimiz var" kimi məsuliyyətdən yayınmaq məqsədi ilə işlədinlən cümlələrini tez-tez eşidirik. Maraq üçün xatırladım ki, "Neftçi" 2010/11 çempion olanda Mirhüseyn Seyidovun 19 yaşı var idi və o, əsas heyətdə 21 matça çıxmışdı. Həmin vaxtda isə Seyidovla eyni yaşda olan Araz Abdullayev də əsas heyət üzvlərindən idi. O, da 18 qarşılaşmda "ağ-qara" formanı geyinmişdi. Elə həmin ildə 21 yaşı olan Cavid İmamverdiyev isə 23 oyuna çıxıb iki də qol vurmuşdu.
2012/2013 mövsümündə də "Neftçi" çempionatı qızıl medallarla başa vurunda, komandanın 6 əsas heyət üzvü - Araz Abdullayev, Elvin Yunuszadə, Emin Mehdiyev, Mirhüseyn Seyidov və Tərlan Quliyevin 20, Cavid İmamverdiyev isə 22 yaşı olub. Ardıcıl olaraq Araz 27, Elvin 24, Cavid 23, Tərlan 22, Mirhüseynlə Emin isə 19 qarşılaşmada forma geyinib.
Bəs bu gün necədi? Görəsən, "Neftçi" körpə, iməkəkləyən futbolçuların ümidinə qalıb? "Qarabağ"la oyundakı start heyətə baxanda bunun əksini görürük. Görürük ki, futbolçular nə gənc sayıla bilər, nə də təcrübəsiz.
Aqil Məmmədov - 26 yaş
"Bakı”nın yetirməsi olan qolkiper "zolaqlılar”ın kapitanı, əsas heyətinin aparıcı üzvü olub. Klubun maliyyə sıxıntıları olduğu üçün "Neftçi”yə üz tutub. Sadıq Sadıqovun prezident olduğu dövrdə komandada Saşa Stamenkoviç kimi təcrübəli qapıçının olmasına baxmayaraq, Arif Əsədov ona start heyətdə şans verib. Yetərincə elita və oyun təcrübəsi var.
Rahil Məmmədov - 20 yaş
Rahil də Sadıqovun miras qoyub getdiyi futbolçulardandı. O, daha çox ötən mövsümün sonlarına yaxın parlamağa başladı. Arif Əsədovun şans tanıdığı, start heyətdə meydana buraxdığı Məmmədov, ötən mövsümün 5 turunda da forma şansı qazanıb.
Melli - 31 yaş
Ötən mövsüm "Simurq”da peyda olan futbolçu sonradan "Neftçi”yə transfer olundu. Bakılıların icraçı direkotoru Elnur Məmmədovun ad və soyadında 13 hərf varsa, ispaniyalının "cv"sində 14 komandanın adı var. Yəni, ona gənc desək, dilimiz quruyar.
Aylton - 21 yaş?
Braziliyalı müdafiəçi PFL-ə təqdim edilən sifariş ərizəsində 1996-ci il təvəllüdül göstərilsə də, xarici mənbələrdə onun 1995-ci ildə anadan olduğunu görərik. Futbol hər nə qədər İngiltərədə yaransa da, onun vətəninin, istehsal fabrikinin Braziliyada yerləşdiyi heç kimdə şübhə doğurmur. Braziliyalılar 17, 18, ən geci 19 yaşlarında Avropanın top komandalarına üz tutursa, Ayltonun 21 yaşında uzaq sahillərdə, Azərbaycan çempionatında, "Neftçi”də start heyətdə oynamasında qeyri-adi heç nə yoxdu.
Məqsəd İsayev - 21 yaş
Müdafiəçinin "Neftçi”yə qazandırılmasında Böyükağa Hacıyevin rolunun olduğunu desək, yanılmarıq. Maraq üçün bildirim ki, Məqsəd ötən mövsüm 23 (!) qarşılaşmada iştirak edib. Mahir Şükürovun komandadan getməsindən sonra onun cinahını ələ keçirən İsayev əlinə düşən imkandan yararlandı və kifayət qədər də təcrübəsi qazandı. Hətta ölkə kubokunun finalında zədələnməsində baxmayaraq, "Qəbələ”yə qarşı 120 dəqiqə sona qədər döyüşdü. Yəni, onun ağzından süd iyi gəlmir.
Araz Abdullayev - 23 yaş
"Qarabağ”la oyunda erkən zədələnən yarımmüdafiəçi artıq gənc sayılmır. Onun yetərincə təcrübəsi var, milli komandaya da dəvət alır. Bu gün də "Neftçi”nin kapitanıdı. Start heyətin dəyişilməz üzvüdü. Yəqin ki, Çingiz bəy "gənc futbolçu” deyəndə, Abdullayevi nəzərdə tutmur.
Erik Ramos - 28 yaş
Paraqvaylı müdafiəçi "Neftçi”nin yollarında artıq saç töküb, dəfələrlə qırmızı vərəqə alıb, cəzalanıb. "Qarabağ”la oyunda olduğu kimi hərdən də kritik qollara imza atıb. Maraq üçün qeyd edim ki, ötən mövsüm 29 oyunda meydanda olub. Gənc futbolçu deyil!
Rəhman Hacıyev - 22 yaş
22 yaşlı yarımmüdafiəçini də təcrübəsiz futbolçular kateqoriyasına daxil etmək olmaz. Ötən mövsüm 13 dəfə "ağ-qara” forma ilə meydanda olan Hacıyev "Neftçi”dən əvvəl qısa olaraq Türkiyənin "Qazientep BB” klubunda legioner həyatı da yaşayıb. Bundan başqa onun "Bakı” və "Sumqayıt” təcrübəsi də var. Top oynamağı "Neftçi”nin Müşahidə Şurasının vaxtında öyrənməyib.
Antonio Salan Quinta (Anete) - 30 yaş (!)
İspaniyalı futbolçu "Neftçi”nin sözdə "gəncləşdiyi” vaxtda kluba transfer olunub. 30 yaşlı forvard oyunu ilə heç də ölkəmizdəki digər baxımlı futbol sərgiləyən topçulardan geri qalmır. Təcrübəlidir və komandası bundan yararlanır.
Elşən Abdullayev - 21 yaş
2013-2014 mövsümündə "Neftçi” forması ilə 7 qarşılaşmada iştirak edib. Geridə qalan mövsümdə isə 10 dəfə meydanda olub, 1 qola da imza atıb. Yeni-yeni üzə çıxan futbolçu deyil. Nəzərə alaq ki, Abdullayev 2011-2012-ci il mövsümündən bu yana "Neftçi”nin əsas komandasının üzvüdü.
Penaltiyə, Çingiz Abdullayevin əsəbləşməsinə səbəb olan Samir Məsimov - 20 yaş
Məsimov Sadıq Sadıqovun prezident, Böyükağa Hacıyevin isə baş məşqçi olduğu dönəmdə komandaya cəlb olunub. O, 19 yaşında (!) "ağ-qara” forma ilə ölkə kubokunun finalında "Qəbələ”nin qapısına qol vurmaqla qızıl medalların qazanılmasında böyük rol oynayıb. Yarımmüdafiəçi ötən mövsümün 36 oyununun 27-də meydanda olubsa, deməli, onun kifayət qədər təcrübəsi var və Çingiz Abdullayevin düşündüyü qədər ayağı yeni-yeni topa dəyən biri deyil. Onu da qeyd edim ki, 2013-2014 mövsümündə 13 qarşılaşmada forma şansı qazanıb.
Və nəhayət Fəhmin Muradbəyli - 19 yaş
Bəli, Fəhmin Çingiz bəyin dediyi kimi gənc futbolçudu. Onun meydana start heyətdə çıxması, yaşının az olmasına baxmayaraq kollektiv oyundan geri qalmamasını alqışlamaq lazımdı. Hələ onun aktivində 6 turdan sonra 2 qol varsa, deməli, bu, gənc futbolçu üçün əla göstəricidi. Amma...
Amması budur ki, onun bu günlərə gəlməsinə qədər də, vaxtı ilə bir sıra tədbirlər görülüb. Misal üçün 3 il ardıcıl olaraq əsas komanda ilə birlikdə yay-qış təlim-məşq toplanışlarına aparılıb. Yəni, Fəhmin köhnə rəhbərliyin əkdiyi ağacın meyvəsidi. İndiki rəhbərlik gənclərə üstünlük verirsə, iki il əvəzedicilərin bombardiri olmuş Cavid Muxtarzadənin "Qaradağ Lökbatan”da nə işi var? Axı o da gəncdi, Fəhmindən 1 yaş da balacadı...
İnsafınız olsun, Çingiz bəy! Budur ən gənc komanda? 2012/2013 mövsümündə "Neftçi" çempion olanda əsas heyətdə 20 yaşında 5 futbolçusu var idi. İndi isə onların sayı ikidi, qızıl medal hədəfindən də uzaqsız. Futbolla olan əlaqəniz qədər... Futboldan başınız çıxırsa...
sport7.az