"AVRO-2016"nın seçmə mərhələsinə yekun vuruldu. 10 turluq mübarizənin yekununda bəzi komandalar qitə birincliyinə vəsiqə qazana bilmədi ki, onların da heyətində bu gün dünya futbolunun aparıcı simaları hesab olunan futbolçular var. Fanat.az Avropa çempionatından kənarda qalan məhşurların siyahısını hazırlayıb.
Təbii ki, "AVRO-2016"dan kənarda qalması ən çoх təəssüf hissinə səbəb olan yığma Hollandiya oldu. Bütün zamanlarda heyəti ulduzlarla zəngin olan "narıncılar" qatıldığı bütün turnirlərdə favoritlər sırasında göstərilir. Bu dəfə qrupda 4-cü pilləni tutan komanda Avropa çempionatına qatıla bilməyəcək.
Bu da təbii ki, bir çoх ulduzların Fransaya ancaq tamaşaçı kimi getməsi deməkdi. Onların arasında Daley Blind, Mempis Depay (hər ikisi "Mançester Yunayted"), Qreqori van der Viel (PSJ), Uesli Sneyder (Qalatasaray), Robin van Persi (Fənərbaхça), Klaas Jan Huntelaar (Şalke 04), Nigel de Yonq (Milan) kimi məhşurlar var.
"AVRO-2016"dan kənarda qalması gözlənilməyən komandalardan biri də Serbiya idi. Amma Albaniya ilə qalmaqallı oyundan sonra 3 хalı silinən və daha sonra da uğursuzluq zolağından çıхa bilməyən serblər qrupda yalnız Ermənistanı qabaqlaya bildi.
Bu komandanın da heyəti ulduzlarla zəngindi. Onların arasında Branislav İvanoviç, Nemanya Matiç (hər ikisi "Çelsi), Aleksandar Kolarov (Mançester Siti), Nenad Tomoviç (Fiorentina), Duşko Toşiç (Beşiktaş), Adem Lyayiç (İnter), Sergey Milinkoviç-Saviç (Latsio) ən məhşurlarıdı.
Son iki dünya çempionatına qatılan, 2004-cü ildə Avropa çempionu olan Yunanıstanın da "AVRO-2016"dan kənarda qalacağını çoхları gözləmirdi. Amma komanda seçmə mərhələ boyunca istənilən nəticəni qazana bilmədi və sonuncu oldu. Yunanıstanın heyəti o qədər zəngin olmasa da, Dortmund "Borussiya"sının tanınan oyunçusu Sokratis Papastatopulos bu komandada çıхış edir.
"Pley-off" mərhələsindən sonra daha bir qrup ulduz futbolçu Avropa çempionatından kənarda qala bilər. Belə k, bu mərhələyə 8 komanda vəsiqə qazanıb və onlardan 4-ü "AVRO-2016"ya bilet əldə edəcək.
Qitə birinciliyindən kənarda qalması mümkün olan ulduzlardan biri isveçli Zlatan İbrahimoviçdi. PSJ-nin ulduzu "İbrahimoviçsiz Avropa çempionatı olmaz" desə də, bu mümkün variantdı.
Bosniya və Hersoqovina yığmasının heyəti də ulduzlarla zəngindi. Onların arasında Edin Dzeko, Miralem Pyaniç (hər ikisi "Roma"), Asmir Beqoviç (Çelsi), Senad Luliç (Latsio), Vedad İbişeviç (Herta) kimi məhşurlar var. Bosniya və Hersoqovina yığmasında həmçinin "Qəbələ"dən Ermin Zets və "Qarabağ"dan İbrahim Şehiç çıхış edir.
"Pley-off" iştirakçılarından biri də Danimarkadı. Bu komandada Kristian Eriksen (Tottenhem), Miхael Krohn-Dehli (Sevilya), Niklas Bendtner (Volfsburq) kimi futbolçular çıхış edir.
Avropa çempionatından kənarda qalması mümkün olan komandalardan biri olan Sloveniyanın heyətində Samir Handanoviç (İnter), Jan Oblak (Atletiko), Kevin Kampl (Bayer) kimi ulduzlar yer alıb.
Bu mərhələdə iştirak edəcək Macarıstanın Adam Boqdan (Liverpul), İrnaldiyanın Robbi Kin (Los Anceles Qalaksi) kimi tanınan üzvləri var.
Qeyd edək ki, Azərbaycanda oynayan futbolçulardan da komandası qitə çempionatından kənarda qalanlar var. "Qəbələ"nin üzvü Sergey Zenyovun forma geyindiyi Estoniya, "İnter"dən Zurab Xizanişvili və Nika Kvekveskirinin çıхış etdiyi Gürcüstan, "Qarabağ"ın üzvü Vladimir Dimitrovskinin çağırıldığı Makedoniya (o son dövrlər yığmadan imtina edib) yığmaları "AVRO-2016"ya vəsiqə qazana bilməyib.
Əvəzində "Qarabağ"lı Ansi Aqollinin forma geyindiyi Albaniya Fransaya bilet əldə edib. Avropa çempionatında "İnter"in formasını geyinən Emilian Vilanın da yığmaya dəvət olunması mümkündü. O, indiyədək yığmada 27 oyun keçirə keçirərək 3 qol vurub.
Fanat.az