"Kəpəz" Azərbaycanın ən köklü klublarından biridi. Son illərdə daim autsayder funksiyasını daşısa da, uzun müddət ölkə çempionatında hegemonluq edən klublardan biri olub. Ötən mövsüm Premyer Liqanı tərk edən klub Naxçıvan Avtombil Zavodunun geri çəkilməsindən sonra sponsorsuz qalmış və dağılmışdı. Lakin AFFA rəhbərliyi yeni himayəçi tapıb Gəncənin - ölkənin ikinci ən böyük şəhərinin komandasını dirçəltmək qərarına gəldi. Hətta İsgəndər Cavadov kurator da təyin olundu.
Artıq I divizionun startına az qalıb. Amma "Kəpəz"in nə sponsoru var, nə baş məşqçisi, nə futbolçusu, nə də stadionu... Bir sözlə Gəncə futbolu acınacaqlı gündədi. Belə bir vaxtda Qərb şəhərində futbol dedikdə ağıla gələn ilk isimlə - Mehman Allahverdiyevlə danışmaq qərarına gəldik. Uzun illər "Kəpəz"ə başçılıq etmiş müətəxəssislə hazırkı durumu və vəziyyətdən çıxış yollarını müzakirə etdik.
- I divizionun püşkatmasına az qalıb. Amma "Kəpəz"də hələ heç nə aydın deyil. Gəncədə nə baş verir?
- Hələ ki, heç nə yoxdu. İsgəndər Cavadov Gəncə futboluna kurator təyin olunanda zəng edib uğurlar arzuladıq. Dedik "gün o gün olsun sənin adına layiq bir komanda yaransın, çempionluq uğrunda mübarizə aparsın". Dedi "sağ ol". Dedim "bir ay vaxt qalıb. Heç olmasa yavaş-yavaş oyunçuları yığaq, komandanı formalaşdıraq". O da tələsməməyi və Fransadan qayıdandan sonra - avqustun 23-24-də Gəncəyə gələcəyini bildirdi. Fransadan gələndən sonra bir-iki dəfə zəngləşdik, yenə Gəncədə güclü komandanın formalaşmasını istədiyini dedi. Daha sonra 3 dəfə zəng elədim cavab vermədi. İnanın azarkeşlər, fan-klublar məni evdə oturmağa qoymur. Heç yerə çıxa bilmirəm, hamı məni tanıyır. Görən kimi Gəncə futbolunun taleyini soruşurlar.
- Maraqlıdı ki, bu kuratorun konkret vəzifəsi nədən ibarətdi? Ümumiyyətlə kurator hansı işi görməlidi? Sponsor tapmalıdı, yoxsa...
- Sponsorun müəyyənləşməsi artıq açıqlanıb. Onun vəzifəsi komandanı nəzarətdə saxlamaq, baş məşqçini müəyyənləşdirməkdi. Amma təəssüf ki, heç nə etmir.
- Bəlkə siz bilirsiz, başqa bölgələrdə kurator var? Məsələn, Lənkəranda, Qəbələdə, Neftçalada...
- Mən eşitməmişəm.
- Bəs niyə məhz Gəncəyə kurator təyin etdilər?
- Vallah bunun səbəbini bilmərəm. Bilirsiz ki, "Kəpəz" artıq dağılmışdı. Rövnəq müəllim sağ olsun, əlindən gələni etdi ki, normal sponsor tapılsın, komanda qurulsun. Nəticədə İsgəndər Cavadovu kurator təyin etdilər.
- Bəs kuratorun Gəncəyə getməməsinin səbəbi nədi?
- Səbələrini mən deyə bilmirəm. Bayaq da qeyd etdim ki, zəng etdim, bir neçə dəfə danışdıq. Ondan sonra zənglərimə cavab vermədi. Adam belə də pis olur. Halbuki, onunla münasibətlərimiz əla olub, bir yerdə oynamışıq.
- Sizcə AFFA-nın seçimi ədalətsiz deyilmi?
- AFFA-nın seçimini ədalətsiz qiymətləndirməzdim. İsgəndər Cavadovu hamımız tanıyırıq, SSRİ dövründə ən yaxşı futbolçulardan olub...
- Çoxlarının keçmişdi müəyyən xidmətləri olub...
- AFFA rəhbərliyi də fikirləşdi ki, Cavadovun futbola xidməti çox olar və ona görə də inanıb Gəncəyə kurator təyin etdilər.
- Onda sualı belə qoyaq: İsgəndər Cavadov vəzifəsinin öhdəsindən gələ bilir?
- Gələ bilmir. O, kurator təyin olunan günün səhərisi Gəncəyə gəlməli idi. Hətta Fransaya gedirdisə, tapşırıqlarını verib getməli idi. Amma o, nə gedəndə Gəncəyə gəldi, nə də qayıdandan sonra gəlib. Azarkeşlər isə səbirsizliklə baş məşqçinin təyin olunmasını, komandanın yığışmasını gözləyirlər. Nə baş verdiyini bilmirəm. Amma Rövnəq Abdullayevdən xahiş edirəm ki, Gəncəyə gəncəli futbol mütəxəssislərdən birini kurator təyin etsin. Gəncədə mütəxəssislər var, onlardan biri təyin olunsa, onun nəzarəti həmişə komandanın üzərində olacaq.
- Mehman Allahverdiyev daim Gəncədədi və Gəncə futbolu ilə onun adı yanaşı çəkilir. Niyə AFFA bu cür qərar qəbul edəndə siz onlara müraciət etmədiniz? Nə olsun ki, Cavadovlə bir yerdə oynamısız, münasibətiniz yaxşıdı. Hamı görür ki, İsgəndər Cavadovun Azərbaycan futboluna nə qədər "xeyri" var. O, görməli olduğu işlərin heç birini görməyib, siz isə yenə onunla münasibətlərinizin yaxşı olduğunu deyirsiniz. Bu bir az da sizin Gəncə futboluna, azarkeşlərinə xəyanətiniz deyilmi?
- Münasibətlərimiz normal olub, bir yerdə oynamışıq, düşmən olmamışıq. Mən də deyirəm ki, bu gün bu mütəxəssis Gəncə futboluna lazım deyil. Kimə lazımdı axı? İsgəndər Cavadovun əvəzinə bir başqası olsaydı, 20 gün ərzində burda nə qədər iş görülərdi.
- Rafiq Mirzəyevin "Kəpəz"ə baş məşqçi təyin olunacağı deyilir.
- Mən də mətbuatdan oxumuşam. Dəqiq bir şey bilmirəm. Əgər belə bir şey olsaydı, çoxdan dəqiqləşərdi. Hələ ki, nə komandanın baş məşqçisi var, nə də futbolçusu.
- Tutaq ki, 1-2 gün ərzində bu məsələ həll olundu. Qısa vaxt ərzində komandanı formalaşdırmaq mümkün olacaq?
- 1-2 günə bu məsələ həll olunsa, biz də maksimum gücümüzlə çalışıb heyəti formalaşdırarıq. Hamı bilir ki, 1 həftəyə düzələn komanda necə olacaq. Ancaq yenə də əlimizdən gələni edəcəyik. Çünki "Kəpəz"in adına layiq çıxış etməsini istəyirik. Çempionatın başlamasına 10 gün qalıb. 1-2 günə bu məsələyə aydınlıq gəlsə, qalır bir həftə. Bir həftəyə də oyunçuları dəvət eləmək, onları yoxlamaq, fiziki durumunu artırmaq lazımdı.
- Rafiq Mirzəyev baş məşqçi təyin olunsa, Gəncədə uğur qazanmaq şansı nə qədərdi?
- Gəncədə daim işləmək lazımdı, çünki burda azarkeşlər həmişə komandadan uğur tələb edir. "Kəpəz"in azarkeşləri çılğındı, futbolu sevirlər və yaxşı bilirlər.
- Azarkeşlər dünən açıqlama verib ki, "kim gəlir-gəlsin, amma bir neçə turdan sonra biz ondan nəticə tələb edəcəyik". Buna görə soruşdum. Gəncədə işləyən müətəxəssis azarkeşləri tanımalıdı. Çünki "Kəpəz" həmişə azarkeşlə hesablaşan bir klub olub. Sizcə, Gəncəyə yad bir insan gəlib orda uğur qazana bilər?
- Dostum Novruz Əzizovun yaxşı bir sözü var. Deyir ki, "hayatdı".. Hər şey ola bilər, amma çox çətin məsələdi. Baş məşqçi kim olsa, mən ona uğur arzulaya biləram. Amma məncə, indi uğur qazanmaq çətin olacaq. Çünki nə komanda var, nə futbolçu.
Fanat.az