Avroliqada Norveç “Tromse”sinin mübarizədən kənarlaşdırdığı “İnter”in qitəmiqyaslı turnirə istənilən səviyyədə hazırlaşmadığı üzə çıxdı. “Ağ-göylər”in həmişə olduğu kimi “transfer bazarı”ndakı passivliyi sərgilənən futbola təsirsiz ötüşə bilməzdi. Əlbəttə, avrokubokda komandaya uyğunlaşmamış yenilər, zəif hücum xətti ilə daha artığına nail olmaq mümkün deyildi. Kaxaber Tsxadadzenin yetirmələrinin premyer-liqada necə təsir bağışlayacağı da böyük maraq doğururdu. 5 turdan sonra gördüyümüz durum nikbinliyə əsas vermir.
Başlanğıc siqnal imiş
“İnter” rəqib meydanında 0:2 hesabıyla yenildiyi “Tromse”ni evdə tək qolla yenib Avropa macərasını başa vurandan sonra bütün diqqətini çempionata yönəltdi. İlk oyunu Avroliqadakı digər ölkə təmsilçisi “Qarabağ”a qarşı keçirən “ağ-göylər”in İsveç “Gefle”si ilə məsul görüşə hazırlaşan ağdamlılara uduzmayacağını proqnozlaşdıran çox idi. Əslində, “Şəfa”da eksperimental heyətlə matça çıxan “köhlən atlar” üçün qarşılaşma yaxşı başlamadı. Sabiq komandasını cəzalandıran Vaqif Cavadovun qolu “İnter”lilərə üstünlük qazandırsa da, ardıcıl iki top vuran qonaqlar 3 xala sahib çıxdı. Şübhəsiz o matçın nəticəsini normal qarşılayanlar da oldu, yarımcan rəqibinə boyun əyən “bankirlər”i qınayan da. Sən demə, başlanğıc siqnal imiş.
Tsxadadze sarsılıb?
Növbədi turda səfərdə “Qəbələ”yə 1:3 hesabıyla uduzan bakılıların çalışdırıcısı istefaya eyham vurdu. Bəlkə də yayda məhz “İnter”i şimal təmsilçisinə dəyişmiş Vladimir Levin və İbrahima Niassenin sözügedən matçda fərqlənməsi Tsxadadzeni ruhən sarsıtmışdı. Taktika anlayışını yetirmələrinə yaxşı aşılayan mütəxəssis kimi tanıdığımız gürcü klub prezidenti Georgi Nikolovla söhbətləşib işinə davam etsə də, onun ciddi narahatlıq keçirdiyi, durumla barışa bilmədiyi hiss olunur. Hesabat turunda “Simurq”a məğlubiyyətin ardından mətbuat konfransına köməkçisi Roman Cəfərovu göndərməsi də buna əyani sübutdu. Adam necə deyərlər, kələfin ucunu itirib. “Rəvan” üzərində 4-cü turdakı 5:1 hesablı darmadağının komandanı toparlamadığını görmək baş məşqçi üçün “işlər fırıqdı” mesajıdı. İndi daha bir zəfərədək yenidən zəhmət çəkmək, oyunçularla fərdi söhbət etmək, oyun planındakı çatışmazlıqları aradan qaldırmaq yönündə dəridən-qabıqdan çıxmaq tələb olunur. Mümkün 15 xaldan 3-nü toplamaq, yeganə zəfəri “Rəvan” üzərində qazanmaq istənilən halda, köklü problemlərdən xəbər verir.
Bu da var ki...
“İnter” iddialı komandadı. Gürcünün rəhbərliyi dönəmində ikinci çempionluğu qazanan bank təmsilçisinin heyətini isə “Qarabağ”, “Neftçi” və “Bakı”nınkı ilə müqayisə etməyə dəyməz. Ötən mövsüm dəfələrlə fiqurların fərdi ustalıq səviyyəsindən gileylənən baş məşqçi daha yaxşı qazanc həvəsi ilə “Qəbələ”yə yollananları saxlaya bilmirsə, Nikolovun ağızdolusu danışdığı maliyyə feyr-pleyi də indiki vəziyyəti şərtləndirən səbəblərdən biridi. Bank klubuna 350-400 minlik legioner gəlmədiyi halda, başqaları 500-600 min dollara oyunçu transferi reallaşdırır. Yəni Tsxadadze ortabablarınkından çox, iddialılarınkından nəzərəçarpan dərəcədə az parayla rəqabətədavamlı komanda formalaşdırmaq məcburiyyətindədi. Gerçəklikdən xəbərdar olan rəhbərlik başqa çalışdırıcının eyni şərtlərlə daha artığını ortaya qoymayacağını bilir. “Bankirlər”in bu yay sıralarına qatdığı oyunçuları ayrı-ayrılıqda saf-çürük etsək, qismən tanınan gürcülərin (Aleksandr İaşvili, Laşa Salukvadze) elə Tsxadadzeyə görə az məvacib qarşılığında oynamağa razılıq verdiyini görərik.
Donor əldən çıxıb
“Yuxarılar”ın bundan sonra “kiçik qardaş”ın “böyük qardaş”a könüllü təslim olmamasına qərar verdiyi haqda söz-söhbət hələ mövsümün əvvəlindən gəzirdi. Son turda zaqatalıların çətin vəziyyətə düşən bank komandasını 2:1hesabıyla üstələməsi inandırıcı nəticədi. Donor əldən çıxıbsa, Tsxadadze başının çarəsinə baxmalıdı. Paraqavaylı Meza-Kolli qardaşlarıyla və “Rəvan”a lazım olmayan Elhad Nəziri ilə yaxın günlərdə müqavilə bağlayacağı gözlənilən “ağ-göylər” hələ ki, iddialıya bənzəmir. Gerisini zamanın ixtiyarına buraxaq. Hərçənd startdakı uğursuzluqların təsirindən çempionatın sonlarında çıxmaq çox çətin olur. “Qara zolaq” uzansa, lap pis.
NİHAT, “Futbol+”