"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə bir günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.
Komanda dünən Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.
Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq "Qəbələ"nun PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.
Fanat.az