"Rəvan” Futbol Klubu növbəti mövsümdə daha güclü komanda formalaşdırmaq məqsədi ilə əsas komandanın heyətinə əl gəzdirməkdə davam edir. 2 legioner futbolçunun - moldovalı müdafiəçi Nikolay Orlovski və syerra leoneli yarımmüdafiəçi Samuel Barlayın ardından daha 5 futbolçu ilə yollar rəsmən ayrılıb. Onların hamısı yerli futbolçudur.
Əslində Nuran Qurbanovun "Rəvan”dan ayrılmasında qeyri-adi heç nə yoxdur. Çünki müqavilə ilə "Qəbələ”yə məxsus olan "27” nömrə bizdə icarədə çıxış edirdi və bu icarə müddəti məhz mövsümün sonunda qüvvədən düşmüşdü. Vüsal Qarayev və Tural Cəlilovun isə müqavilə müddəti bitib və rəhbərlik onlarla əməkdaşlığın davam etməsində maraqlı olmayıb. Ramil Həşimzadə və Emin Mustafayevə gəlincə, bu ikilinin hələ klubla müqaviləsi olsa da, qarşılıqlı razılıq əsasında yolların ayrılması məqsədəuyğun hesab edilib.
İdman24.az