Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Samir Abbasov komandanı rumınlarla oyunda sınayıb.
Belə ki, "Sumqayıt" Rumıniyanın "Petrolul" klubu ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolunu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub. O, komandasının bundan əvvəl Antalyadakı yoxlama matçlarında vurduğu hər iki qolun müəllifidi.
"Petrolul" klubu 1924-cü ildə yaradılıb. 92 yaşlı klub indiyədək 4 dəfə Rumıniya çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub. Bir müddət Elhad Nəzirinin forma geyindiyi komanda cari mövsümdə uğursuz çıxış edir. 23 turda cəmi 8 xal toplayan "Sumqayıt"ın rəqibi qış fasiləsinə son pillədə yollanıb.
Qeyd edək ki, "Sumqayıt" ölkədəki hazırlıq prosesi zamanı 3 oyun keçirmişdi. "Şərurspor"u 1:0 hesabı ilə yenən "gənclik şəhəri" təmsilçisi AZAL-a bir oyunda qalib gəlmiş (4:0), birində yenilmişdi (1:2). Premyer Liqa klubu Türkiyədəki ilk oyununda Qazaxıstan "Akjayık"ına qalib gəlib (1:0), ardınca Rumıniyanın "Voluntari" klubu ilə "sülh" bağlayıb (0:0), dünən isə İranın "Sepahan" klubuna uduzub (1:2).
Antalya
Yoxlama oyunu
22 yanvar
Sumqayıt (Azərbaycan) - Petrolul (Rumıniya) 1:1
Qol: Pərdis Fərcad-Azad, 90
Sumqayıt: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Murad Ağayev, Aleksandr Çertoqanov, Ağabala Ramazanov, Uğur Pamuk, Vaqif Cavadov, Amil Yunanov.
Meydana sonradan daxil olanlar: Emin Mehtiyev, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Ayaz Mehtiyev.
Türkiyə. Antalya.
Fanat.az