Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəməsi təxirə salınıb.
Fanat.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib.
O bildirib ki, R.Əliyevin anası Teyfurə Əliyeva və C.Hüseynovun anası Xalidə Hacıyeva ötən proseslərdə iştirak etdiyi üçün onların ifadə vermələrini istəməyib. Hakim hər iki şahiddən keçən proseslərdə iştirak edib-etmədiyini soruşub. T.Əliyeva keçən proseslərdə iştirak etmədiyini, X.Hacıyeva isə iştirak etdiyini bildirib.
A.Məmmədov isə iştirakla bağlı sənədləri məhkəməyə təqdim edəcəyini bildirib.
Prosesdə iş üzrə dövlət ittihamçısının dəyişdirildiyi də elan olunub. Yeni dövlət ittihamçısı Rauf Əsgərovdur.
Məhkəmənin növbəti prosesi aprelin 6-na təyin olunub.(Report)
Fanat.az