"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın XXIX turunda səfərdə "Sumqayıt"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis matçın hakim idarəçiliyindən gileylənib.
- Qələbə qazana bilməməyinizin əsas səbəbini nədə görürsünüz?
- Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm.
- Yəni qələbə qazana bilməməyinizi hakimin yanlış qərarı ilə əlaqələndirirsiniz...
- İlk növbədə bu sualları özümə verirəm. Anlaşılmayan vəziyyətdir və bunu özüm başa düşməyə çalışıram. Hakim səhvləri yalnız bizə qarşı olur. Buna görə çox məyusuq.
- Əvəzedici komandadan Ehtiram Şahverdiyevi əsas komandaya cəlb etmisiniz. Onu növbəti turlarda meydanda görəcəyik?
- Əvəzedici heyətdən belə futbolçuları əsas komandaya cəlb etmişik. Ehtiram bizim əsas komandamızda bir neçə məşqdə iştirak edir. Yüksək səviyyədə çalışır. Bu gün onu oyuna buraxa bilərdim.
- Ruslan Abışovla aranızda problem yarandığı bildirilir. Bu nə dərəcədə doğru məlumatdır?
- Onu deyə bilərəm ki, Ruslanla aramda heç ir problem yoxdur. Sadəcə, bu gün tam formada olan futbolçuları meydana buraxdım.
- Pavel Paşayevin oynamamasının səbəbi nədir?
- Oyunun gedişində Paşayevi meydana buraxmağı lazım bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var.(qol.az)
Fanat.az