Başı Xorvatiyada bazar açmaqdan, heykəl qoymaq üçün pul toplama kampaniyalarından ayılan Robert Prosineçki Bakıya gəlib çıxıb. Dünən Premyer Liqanın "Neftçi" - "Zirə" matçını canlı izləyən millimizin baş məşqçisi oyundan sonra jurnalistlər üçün brifinq keçirib.
Həmişəki kimi eqoist davranışları ilə diqqəti çəkən xorvat mütəxəssis izlədiyi oyunlardan, millinin qarşıdakı toplanışından danışıb, jurnalistlərin suallarını cavablandırıb.
Həmkarlarımızın "Millidə hücumçu problemi var. Rüfət Dadaşov son oyunlarda qol vurur. Onun oyunlarını izləyirsinizmi" sualını cavablandırarkən isə "qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb". Mətləbə keçməzdən əvvəl Prosineçkinin bu suala verdiyi cavaba diqqət yetirək: "O, Almaniyanın 5-ci liqasında çıxış edir. Əgər Rüfətə dəvət göndərsəm, gərək Azərbaycan çempionatını dayandıraq".
Öncədən onu da qeyd edək ki, Prosineçki yalnışlığa yol verir. Belə ki, Rüfət Dadaşovun çıxış etdiyi "Germania Halberştadt" klubu Regional Liqada çıxış edir. Bu çempionat isə Almaniyanın səviyyəsinə görə 4-cü liqasıdı. 5-ci liqa həvəskar səviyyəli Oberliqaya deyilir.
Əslində, Prosineçki haqlıdı. Almaniyanın 4-cü liqasında oynayan futbolçu millimizə heç nəylə xeyir verə bilməz. Həm də biz bu futbolçunun nəyə qadir olduğunu yığmada keçirdiyi oyunlarda görmüşük. Azərbaycan çempionatının autsayder komandalarında çıxış edən orta səviyyəli hücumçulardan heç nəylə fərqlənməyən Dadaşovun yığma səviyyəsində futbolçu olmadığı dəfələrlə yazılıb, deyilib. Onun Qətərin, Maltanın, Şimali İrlandiyanın qapısından keçirdiyi təsadüfü qolları "Sumqayıt"ın 18 yaşlı üzvü Amil Yunanov da vurur.
Amma Prosineçki haqlı olduğu qədər də, haqsızdı. Rüfəti Almaniyanın 5-ci (əslində 4-ü) liqasında oynadığı üçün yığmaya çağırmağı özünə sığışdırmayan xorvat mütəxəssis onunla eyni çempionatda - Regionel Liqada çıxış edən "Fortuna"nın (özü də II komandasının) formasını geyinən Tuğrul Erata ən azı 3 dəfə dəvət göndərib. Hətta onun oyununu izləmək üçün köməkçisi və həmyerlisi Qordan Tsipriçi burdan Almaniyaya göndərməyi də özünə rəva bilib.
Bir sözlə, Rüfətlə Tuğrul eyni çempionatda - Prosineçkinin 5-ci liqa adlandırdığı Regional Liqada onyayır. Dadaşov cari mövsümdə 23 oyun keçirərək 7 qol vurub, Erat 28 oyunda 8 dəfə fərqlənib. Prosineçkinin məntiqi, daha doğrusu məntiqsizliyi ilə yanaşsaq, artıq Azərbaycan çempionatını dayandırmaq vaxtıdı...
Fanat.az