Səlahət Ağayev karyerasını yenidən Bakı klubunda davam etdirə bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, millimizin qapıçısı "Neftçi"nin maraq dairəsinə düşüb.
Hazırda "Neftçi"nin heytində iki qapıçı var. Komandanın əsas qapıçısı Aqil Məmmədov 25, ikinci qolkiper Maksim Vaylo 5 oyun keçirib (iki qapıçı 30 oyunda 31 qol buraxıb. Qalan 4 qol isə artıq komandanı tərk etmiş Miçal Peskoviçin passivindədi). Gələn mövsüm üçün daha güclü heyət qurmaq niyyətində olan "ağ-qaralar" Aqil Məmmədovla rəqabət apara biləcək Səlahət Ağayevin xidmətində maraqladı.
Düzdü, "Sumqayıt" da Səlahəti heyətində saxlamaq istəyir və ona yeni müqavilə təklif edib. Amma millinin 25 yaşlı qapıçısı daha iddialı və daha pullu Bakı klubunda oynamağın tərəfdarıdı.
Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində "İnter", MOİK və "Sumqayıt"ın formasını geyinib. 2010-cu ildən A milliyə dəvət alan qolkiper 10 oyunda meydana çıxıb.
Fanat.az