Xəbər verdiyimiz kimi, Bakıda Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
O, "Bandotdel"ə onun 50 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə ikiqat edəcəklərini bildirən 4 Kamerun vətəndaşından şikayət ünvanlayıb. Nəticədə keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları - Alfons Tuani, Patrik Arno, Maksim Valeri və Armel Qaetan tutulub.
Qaynarinfo.az isə müəyyənləşdirib ki, mətbuatda yazıldığı kimi, bunlardan tək Patrik futbolçu deyilmiş. Belə ki, onun ataları bir, anaları ayrı olan qardaşları Maksim və Armel də bu idman növü ilə Azərbaycanda məşğul imişlər.
Hər 3 oyunçu həvəskarlar çempionatında mübarizə aparan "Sabunçu" komandasının heyətində oynayırmışlar. Bunun üçün "Sabunçu"nun baş məşqçisi Emil Cəfərovla danışdıq.
O bildirdi ki, bu məsələdə futbolçuların heç bir günahı yoxdu: "Bu 4 nəfər Bakıda 1 evdə qalırlar. Ötən ay bizim mətbuatda Patrikdən geniş müsahibə də yer almışdı. O, əvvəl peşəkar futbolçu olub. Martda Bakıya gəlib. Sonra digər qardaşları da bura gəlib ona qoşuldu. O evdə əvvəl 5 nəfər qalırdılar. 1 afrikalı xanım da əvvəl o evdə qalırdı, Patrikin qohumu idi, sonra o çıxıb getdi. O evdə qardaşlar bir otaqda qalırdı, Alfons isə ayrı. Qardaşların onun bu fırıldağından xəbəri olmayıb. Mən bildiyimə görə, Alfons hələ də bu saxtakarlığına görə "Bandeotdel"dədi. Qardaşlar isə artıq Miqrasiya Xidmətinə təhvil veriliblər. Onların vizalarının vaxtı bitib".

Cəfərov afrikalı futbolçuların bura necə gəlməsindən də danışıb: "Patriki bura əvvəl "Turan" və "Neftçi"də çıxış etmiş və hazırda Azərbaycanda evlənib ailə həyatı qurmuş Erik Obidike aldadaraq gətirib. Ona söz verib ki, Azərbaycan klublarından birinə keçməsinə kömək edəcək. Bundan ötrü 1000 dollarını alıb. Patrik də gördü, klub yoxdu, məcburiyyətdən həvəskarlar liqasında əvvəl AGİU-da, daha sonra isə Sabirabadın "Çağırğan" komandasında oynadı. 3 matçdı ki, o və 2 qardaşı bizim komandada oynayırdı. O ki qaldı, onun "İnter" klubu ilə danışıqlar aparmasına, bunlar boş söhbətlərdi".
Fanat.az