"Rəvan"da yenə aclıqdı. Mövsüm bitdi, klubun adı olub, özü olmayan rəhbərliyi yenə aradan çıxdı. Futbolçular ac qalıb, ötən ilin son aylarının maaşlarını ala bilməyən komandaya bir aylıq maaş verən Nuru Əliyev və komandası cüzü məbləğə ailə saxlayan futbolçuları, məşqçiləri, texniki işçiləri ortada qoyaraq öz işlərinin dalınca yollanıblar.
Ümumiyyətlə, "Rəvan" həmişə problemli komanda olub. Hələ "Muğan" adlanıb, Salyanı təmsil edəndə belə Nuru Əliyevin komandası daim problem yaradıb. Pullu vaxtlarında belə futbolçulara maaş borcları olub, bağlanan müqavilələrin şərtləri yerinə yetirilməyib, günləri FIFA-dakı məhkəmələrin qapısında keçib. Bəzi fırıldaqçı menecerlərin də iştirak etdiyi bu proseslərdə aldadılaraq ölkəmizə gətirilən əcnəbi futbolçular 1-2 aydan sonra arxasından bir təpik vurularaq küçəyə atılıb. Komandanın adı dəfələrlə oyun alış-verişində hallanıb.
Ötən mövsümün startına 1 həftə qalmışa qədər aşağı liqada oynayıb-oynamayacağı belə bilinməyən komanda birdən-birə Premyer Liqada peyda oldu. Bir həftədə heyət də yığıldı, aşağı yaş qrupları da düzəldi, Peşərkar Futbol Liqasına təqdim etməyə bank zəmanəti də tapıldı (?). Hərçənd, bank zəmanətinin verilib-verilmədiyi də bəlli deyil. Bizensinin böhranda olduğunu deyən, futbol klubu saxlamaqda maraqlı olmadığını açıq-aşkar biruzə verən Nuru Əliyevin bir həftə ərzində bu zəmanəti tapması heç də inandırıcı görünmür. Amma "Xəzər Lənkəran"a maliyyə məsələlərinə görə lisenziya verməyən AFFA bir həftədə "Rəvan"ın işinin düzüb-qoşub Premyer Liqadakı say hesabını düzəltdi. Çünki ölkənin ən hoqqabaz komandasının Premyer Liqada oynaması həm AFFA, həm də PFL-in ortaq maraqlarına xidmət edirdi və bu amil bütün problemlərin arxa plana keçməsi üçün yetərli idi...
Və "Rəvan" gəldi. Yenə həngamə, yenə qalmaqal, yenə aclıq... Mövsümün ilk günündən klubun daxilindəki "razborkalar"a start verildi, baş məşqçi Emin Quliyevin "torbası tikildi", "dejurnı", rəhbərliyin əlindəki "pult"la idarə olunan Bəhmən Həsənov iş başına keçdi, hoqqabazlıq başladı. Mövsümün ilk günündən futbolçular maaş problemindən şikayətləndi, hətta məşqə və oyuna çıxmaqdan imtina etdi. Amma yenə də yalan vədlərin hesabına komanda oynamağa razılıq verdi.
"Rəvan" yenə şübhəli oyunlarda şübhəli xallar qazandı. Son iki tura qədər son pillədə olan komanda "Qarabağ" üzərində heç kimin gözləmədiyi halda qələbə qazandı (!), "Xəzər Lənkəran"la matçda Ramil Diniyevin "qəhrəmanlığı" sayəsində Premyer Liqadakı yerini qorudu. Bir sözlə, hər şey qaydasında getsə, gələn mövsüm "Rəvan"ı yenə Premyer Liqada görəcəyik. Yəni hər şey qaldığı yerdən davam edəcək...
İlqar Axundov
Bəs nə baş verir "Rəvan"da? Nuru Əliyevin klubu bu günə qədər həvalə etdiyi şəxslər hər zaman onun adına xələl gətirib. İstər hazırda kluba rəhbərlik edən Samir Hüseynov, istər vitse-prezident İlqar Axundov, istərsə də, sabiq vitse-prezident Bəhruz Şirəliyev. 3 aydan bir baş məşqçilərin, ildə iki dəfə heyətin dəyişdirilməsi "Nurgün"ün klub üçün ayırdığı pulların havaya və kimlərinsə cibinə sovrulması ilə yekunlaşıb. Nəticə ortadadı: "Rəvan" pullu vaxtlarında belə autsayder statusundan qurtula bilməyib, komanda daim səfalət içində yayışıb...
Bəhruz Şirəliyev
Nuru Əliyev kimdən gizlənir?
Nə hikmətdisə, klubun sahibi, Azərbaycanın ən böyük oliqarxlarından biri olan Nuru Əliyevin adı heç yerdə hallanmır. Az qala adicə fəhlənin belə şəkilini, haqqındakı bütün məlumatları əldə etməyin mümkün olduğu "Google"də belə onun haqqında bir cümlə belə yoxdu. "Nuru Əliyev" ad-familyasını axtarışa verəndə idman saytlarında "Rəvan"la bağlı yazılmış və onun adı keçən bir neçə xəbər, bir dəf Hafiz Məmmədovla quda olub və qohumluğu pozması ilə bağlı yazılar çıxır. Vəssəlam, Azərbaycanın ən böyük oliqarxı haqqında bildiklərimiz bu qədər.
Futbolinfo.az-dakı həmkarlarımız uzun sürən axtarışlardan sonra Nuru Əliyevin kiçik də olsa şəklini tapa bilib. Buna da şükür...
Bəs kimdi, Nuru Əliyev? "Nurgün" Şirkətlər Qrupunun sahibi olan bu şəxs Azərbaycanın ən böyük avtomobil ticarətçisi hesab olunur. “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“ brendinin Azərbaycanda rəsmi distribütorudu. 1994-cü il oktyabrın 4-də təsis edilən şirkət həmçinin “İnfiniti”, “Ford”, “Reno” ölkəmizdəki rəsmi distribütorluğunu həyata keçirir. Nuru Əliyevin biznes imperiyasına “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi, "NBC Bank", "Rəvan sığorta", “Bello” Yuyucu Vasitələr Fabriki, NICOS kosmetika məhsulları, “Salyan Süd” zavodu, “Nurgun İnşaat”, “Caspian Transport” MMC, “Chevron-Texaco” Konserni daxildir.
"Nurgün" Şirkətlər Qrupu həm də 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəyə malikdi. Bu şəbəkəyə "Granini", "Perrier", "Vittel", "S.Pelleqrino", "Les Grands Chais" kimi dünya brendləri daxildir.
Bu son deyil. Ölkəmizin cənub zonasında - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, hətta Şirvan və Sabirabadda belə ticarət mərkəzlərini bütün ərzaq və gündəlik tələbat malları ilə məhz Nuru Əliyevin şirkəti təmin edir. Bu isə aylıq milyonlarla manat vəsaitin dövriyyəsi, yəni yüzminlərlə manat xalis gəlir deməkdi.
Bəs bu qədər böyük biznes şəbəkəsinin sahibi niyə millətdən, mətbuatdan gizlənir? Əslində, mətbuat orqanları gizli oliqarxa zaman-zaman öz səhifələrində yer ayırmağa çalışır. Amma... Əsl həngamə də elə bundan sonra başlayır. Hansı səbəbdənsə Nuru Əliyevin yaxanları başlayır həmin mətbuat orqanlarından xahiş-minnət etməyə ki, bəs "şef"in adını o yazıdan çıxardın. Səbəb? Bu bir sözlük suala bu günə qədər heç kim cavab verməyib və ya vermək istəməyib. Azərbaycanın ən böyük oliqarxlarından biri olan bu şəxs niyə gizlənir? Onu gölgəsindən belə qorxmağa vadar edən səbəb nədi? Ümid edək ki, bu suallara bir gün cavab verən tapılar...
Nuru Əliyevin varidatını saymağı burda kəsərək keçək gizli oliqarxımızın qohumluq, daha doğrusu artıq keçmiş qohumluq əlaqələrinə... Belə ki, Nuru Əliyev iş adamı, "Baghlan Group"un sahibi Hafiz Məmmədovla quda olmuşdu. Amma "Hafka" ləqəbli iş adamının biznesində problemlər yaranması bu qohumluğun da bitməsinə səbəb oldu. Deyilənə görə, bu əlaqələrin bitməsinin səbəbkarı məhz Nuru Əliyev olub. Hansı səbəbdən olmasını isə özü daha yaxşı bilər.
Hafiz Məmmədov
Çempionatın "Rəvan" problemi davam edəcək?
Deyilənə görə, "Rəvan" yenə Premyer Liqada çıxış edəcək. Kluba yaxın şəxsin dediyinə görə, hazırkı rəhbər Samir Hüseynovun fəaliyyətindən narazı olan Nuru Əliyev onu Bəhruz Şirəliyevlə əvəzləmək niyyətindədi. İkinci artıq AFFA ilə danışıqlara başlayıb.
Danışıqların mövzusuna gəlincə, məlum olduğu kimi kluba lisenziya verilməyib. İndi Bəhruz Şirəliyev AFFA və PFL-dəki dostlarının köməyi ilə güzəştlərə nail olmaq istəyir. "Xəzər Lənkəran" kimi komandaya heç bir güzəşt etməyən AFFA böyük ehtimalla borc içində batan, futbolçusuna maaş verməyə pul tapmayan "Rəvan"a qarşı daha səxavətli davranacaq.
Danışıqların mövzusu təkcə lizensiya ilə bağlı deyil. Maşın bazarındakı durğunluğu əsas gətirən Nuru Əliyev klubun xərclərini ödəmək gücündə olmadığını deyir. İndi onlar ötən mövsüm olduğu kimi yenə AFFA-dan pul qoparmaq niyyətindədi. Uşaq futboluna sərf etməyə pul tapmayan AFFA Premyer Liqada say hesabını düzəltməkdən başqa heç nəyə yaramayan "Rəvan"a qarşı yəqin ki, yenə eyni səxavəti nümayiş etdirəcək.
Bəhruz Şirəliyev - Samir Hüseynov
Bəs Bəhruz Şirəliyevin gəlişi "Rəvan"da nəyi dəyişəcək? Heç nə. Biz onun kluba rəhbərliyi dövrünü də görmüşük. Sadəcə indiki rəhbərlər - Samir Hüseynov və İlqar Axundovla yola getməyən Şirəliyev məhz onlara görə klubdan getmişdi. İndi isə rəqiblərinə qalib gələrək yenidən iş başına keçmək niyyətindədi.
Bu məlumatları verən dostumuzun (adının açıqlanmasını məsləhət bilmir) dediyi kimi, kim gəlirsə gəlsin, "Rəvan"dan klub olmayacaq!
Pərvin Kazımoğlu
Fanat.az