"Xəzər Lənkəran" Premyer Liqada qələbəsiz oyunlar seriyasına son qoyub. Fanat.az xəbər verir ki, "Bakı"nın yenən (2:1) Lənkəran təmsilçisi 7 oyundan sonra çempionatda 3 xala sevinib.
Con Toşakın rəhbərlik etdiyi komanda Premyer Liqada son qələbəsini ötən mövsümün XXX turunda evdə "Turan"ı yenərək (1:0) qazanmışdı. "Xəzər Lənkəran" həmin matçdan sonra baş tutan 7 oyundan 4-də uduzmuş, 3-də heç-heçə etmişdi. Bir sözlə son qələbəsini may ayının 8-də qazanan Lənkəran təmsilçisi 129 gündən sonra 3 xala sevinib.
Dünənki oyunda rəqib qapısına 2 qol vuran "Xəzər Lənkəran" 4 oyundan sonra qol vurub. Cənub təmsilçisi I turun "Sumqayıt"la ev oyununda imza atmışdı. Bundan sonra "Simurq", "Qarabağ", "Neftçi" və "Qəbələ" ilə keçirilən oyunlarda rəqib qapısına yol tapmayan "ağ-yaşıllar" Junior Nildonun "Sumqayıt" matçının 64-cü dəqiqəsində vurduğu qoldan ötən gün baş tutan qarşılaşmanın 27-ci dəqiqəsində Mbilla Etmanın "Bakı"nın qapısına yol tapmasınadək keçən 413 dəqiqə ərzində sevinməmişdi.
Fanat.az