Fəaliyyətini dayandırmış “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu aznews.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Hazırda nə işlə məşğulsunuz?
- “Xəzər Lənkəran”ın sahibi olan Mübariz Mənsimovun “Palmali” şirkətinin Bakı ofisinin mətbuat katibiyəm.
- Deməli futbol aləmindən tamam uzaqlaşdınız?
- Bu aləmdən uzaqlaşmaq heç istəməzdim. Amma qismət belə gətirdi.
- O günlər üçün darıxırsınız?
- Harada işləməyimdən aslı olmayaraq, futbol klubunda işləməyi daha üstün tuturam. Çünki futbolda işləmək insanda başqa duyğular yaradır. “Xəzər Lənkəran” isə başqa aləmdir.
- Klubun dağılacağını əvvəldən bilirdiniz?
- Uzun illər öncədən bilirdim. Hələ o zaman “Xəzər Lənkəran”ın vəziyyəti normal idi. Bilirdim ki, klub çox getməyəcək. Bunun da obyektiv və subyektiv səbəbləri var idi. Elə şeylər var ki, açıq demək olmur. Hiss olunurdu ki, klubun gücü kimlərisə narahat edir.
- “XL” dağılana yaxın daxildə hansı söhbətlər gedirdi? Tamam sağollaşdılar ya ümid yeri qoydular?
- Klub bir müddət öncə bəyanat vermişdi. Bildirmişdi ki, akademiya kimi fəaliyyət göstərəcək. Bununla belə yenə də hamının ürəyində bir ümid var idi. İnanırdıq ki, bəlkə nə isə oldu?! Hər kəs ürəyində ümid yaşatsa da, artıq reallıqla barışılıb.
- “Xəzər Lənkəran” bağlanan zaman klubu maliyyələşdirən Mübariz Mənsimov zəng edib nə isə dedi, ya da bazaya ayaq basdı?
- Bu qərar İstanbulda verilmiş bir qərar idi. Çünki klub rəhbərliyi İstanbula getdi və orada keçirilən iclasdan sonra Bakıya qayıdıb bu bəyanatı yaydı. Bildirdi ki, klub Premiyer Liqada və I diviziyonda yox, akademiya kimi fəaliyyət göstərəcək.
- Əsas səbəb kimi nə göstərildi?
- Bəyanatda da göstərilmişdi ki, reallıq nəzərə alınıb qərar verilib.
- O reallıq nə idi?
- Bu sual hamını düşündürə bilər. Reallıq bəyanatda da açıqlanmadı. Mən klub nümayəndəsi kimi yox, uzun illər mətbuatda çalışmış biri kimi deyim. Baxın, liqada 8 klub qalıb. Bu klublar da AFFA-nın himayəsindədir. Yəni AFFA onların üzərindən əlini götürsə bəzi klublar öz fəaliyyətini dayandıracaq. Bu zaman ölkədə sadəcə 4 klub qalacaq. Bu xırda problem deyil. Hazırda Azəbaycan futbolu uçurumun dibinə doğru gedir. Mediadan bəziləri bu yöndə işlər görür, düzdür. Amma ümumilikdə bunu çıxıb müzakirə etmək lazımdır. Müəyyən radikal qərarlar lazımdır. Bu qərarlara mütləq ehtiyac var. Çünki heç bir ağıllı biznesmen gəlib Azərbaycanda futbola pul qoymaz. Sual ola bilər ki, niyə... Çünki stimul yoxdur. Belə deyək, futbola dövlət qayğısı olmalıdır. Dövlət qayğısı olmadan heç bir iş adamı bu yöndə pul xərcləməz. 2 il vətənə görə pul xərcləyərsən, 3 il torpağa görə, 5 il də nəyəsə görə... Artıq limit bitir axı... Nə qədər gedə bilərsən?
- Dağılana yaxın Azərbaycanda futbola baxan qurumlara (AFFA, PFL) müraciət olundu?
- Müraciət olunmadı. Çünki ölkə futbolunda tam azad hüquqlu 2 klubdan biri “Xəzər Lənkəran” idi. Buna görə də klub gedib onlara nə isə deyəsi deyildi. Amma qarşı tərəfdən bir nəfər də olsa “XL”in qapısını döymədi. Klub rəhbərliyindən kimisə çağırıb nə isə demədilər. Demədilər ki, Azərbaycan futbolu üçün bu qədər iş görmüsunüz, bu vəziyyətdə sizin üçün nə edə bilərik?!”
- Klubdakı futbolçuların aqibəti necə oldu?
- Klubumuzun əlindən o gəlirdi ki, futbolçuların hamısına “azad agent” statusu versin. Onu da etdi. İndi “Xəzər Lənkəran”da oynamış futbolçular başqa-başqa klublarda oynaya bilərlər. Amma, Premiyer Liqada 8 komanda qalıb. Bu səbəbdən də bizim klubdan çıxmış 50-60 futbolçu təəssüf ki, işsiz qalıb. Onların 10-11 illik əziyyəti bada gedib. Çünki klub yoxdur. 13-14 komanda olsa idi, bu zaman futbolçular onlara müraciət edərdi, baxışdan keçməyə gedərdilər.
- “XL” bağlananda futbolçulara olan bütün borclarını ödədi ya borclu qaldıqları da oldu?
- Bizdə son 2 ayın maaşları qalmışdı. Onların transfer vərəqləri verildikcə həll ediləcək.
- Belə çıxır ki, hələ ödənilməyib.
- Demək olar ki, çoxunun pulları ödənilib. İnanmıram ki, narazı qalanlar olsun.
- Hansısa bir klubdan mətbuat katibi postuna təklif gəlsə gedərsiniz, yoxsa “Xəzər Lənkəran”ın yerini verməz deyə düşünürsünüz?
- Yekə-yekə danışmaq istəmirəm. İndi mənim işim var. Bu da klubun əsas rəhbərliyinin mənə etimadıdır. Düzdür, bu etimad mənə klub dağılmamışdan öncə - 3 ay əvvəldən verilmişdi. Bu gün məni yandıran futboldan uzaq qalmağımdır. Hazırda jurnalist həmkarlardan da təkliflər var. Klubda işləməmişdən öncə bir rubrikam var idi, onu davam etdirməyimi istəyirlər. İndi yox, amma yaxında hansısa saytda ola bilsin ki, rubrika formasında yazılarımı yazdım. Çünki həm futboldan, həm jurnalistikdadan uzaq qalmaq mənim üçün ağır olar.
Amma mətbuat katibi kimi “XL” klubunda çalışmışam. Ümid edirəm ki, tezliklə klub bərpa olunacaq, mən də öz vəzifəmin başına qayıdacağam. Tam səmimi deyirəm, nə olursa-olsun “Xəzər Lənkəran” tam başqa bir duyğu idi. Onu heç nə ilə ölçmək olmaz.
Fanat.az