"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" bu mərhələdə Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.
Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. 80 yaşlı klub ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir. "Samtredia” əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
Komandanın ən uğurlu vaxtları “İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edir. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan indiki “Samtredia” ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. “Qəbələ”nin rəqibi avrokuboklarda debüt mövsümündə (1995/1996) Makedoniya təmsilçisi “Vardar”la qarşılaşıb və hər iki görüşdə rəqibinə boyun əyib - 0:2, 0:1. 2015/16 mövsümündə “Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və 21 ilk sonra avrokubokda iştirak hüququ əldə edib.
Bu klub Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetişdirməklə məşhurlaşıb. Gürcüstan Baş nazirinin müavini və energetika naziri olan sabiq futbolçu Samtredia şəhərində doğulub və eyniadlı klubun yetirməsi olub. O, sonralar Kiyev "Dinamo"su və "Milan" kimi məşhur klublarda oynayıb.
Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. 41 yaşlı mütəxəssis 2015-ci ilin iyunundan komandaya rəhbərlik edir. O, əvvəllər Tiflis "Lokomotiv"ini, "Dila" və Rustavi "Metallurq"unu, həmçinin Gürcüstanın U-19 yığmasını çalışdırıb.
“Samtredia”nın heyətini bütünlüklə gürcü futbolçular təşkil edir:
Qapıçılar: Kaxa Meşveliani, Omar Miqineişvili,
Müdafiəçilər: Qabriel Tebidze, Georgi Axaladze, Cemal Qoqiaşvili, Georgi Mçedlişvili, Davit Mtivlişvili, Nika Sandoxadze, Laşa Şerqelaşvili, Bidzina Tsintsadze.
Yarımmüdafiəçilər: Georgi Datunaişvili, Avto Endeladze, Givi İoseliani, Şota Kerdzevadze, Davit Rajamaşvili, Daçi Tsnobiladze, Teymuraz Markozaşvili, Davit Çaqelişvili, Budu Zivzivadze.
Hücumçular: Davit Jikia, Aleksandr Kvaratsxeliya İrakli Sixarulidze.
Fanat.az