İkiqat Azərbaycan çempionu “Bakı” böyük islahatlara start verib. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən bu adı daşıyan klubun rəhbərliyində kütləvi istefalar olub.
Belə ki, paytaxt təmsilçisinin rəhbərliyi yenidən qurulacaq. Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev apasport.az-a açıqlamasında hələ ki rəsmi qərarın olmadığını bildirib: “Bu, gələn həftənin əvvəlində olacaq və onu açıqlayacağıq. Klubumuzun prezidenti Hafiz Məmmədovun qərarını gözləyirik. Qeyri-qənaətbəxş ötən mövsümə görə hamımız istefaya gedib. Klubun strukturu yenidən, sıfırdan qurulacaq. Bizdə klubun gələcək işləri ilə bağlı iclaslar hər gün olur. Yeni baş məşqçinin təyinatı da gələn həftə gerçəkləşəcək. O, həmin vaxt ölkəmizə gələrək, vəzifəsinin icrasına başlayacaq”.
“Bakı” Madrid “Atletiko”su ilə əməkdaşlığından sonra bir sıra rəhbər postlarında, həmçinin baş məşqçinin ispan olacağı gözlənilir. Komandanın baş məşqçi postuna madridlilərin hazırkı argentinalı çalışdırıcısı Dieqo Simeno ilə birgə 1996-cı ildə futbolçu kimi “Atletiko”nun heyətində çempion olan Xose Molinanın gətirilməyi gündəmdədir. İspaniya çempionluğu, kuboku və Superkubokunu qazanan 43 yaşlı keçmiş qapıçı “Deportivo”da, İspaniya yığmasında çıxışı ilə tanınıb. Məşqçilik fəaliyyətinə 2009-cu ildən “Vilyarreal”da başlayan Molina 2011/12 mövsümündə əsas komandanı çalışdıraraq, martın 18-də istefaya göndərilib.
Bakılıların digər namizədi isə Molinanın həmin vaxt baş məşqçisi olmuş Radomir Antiçdir. “Atletiko” 1996-cı ildə tanınmış serbiyalı mütəxəssisdən sonra çempion ola bilmir.
İdman24.az