“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar”ı Hüseynqulu Quliyev çalışdırır.
O, əvəzedicilərlə Azərbaycan çempionluğu qazanan Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb. 2010-cu ildən “Qəbələ”də çalışan mütəxəssis klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi “Termist”, “Turan”, “Xəzri”, “Şəmkir”, “Bakı Fəhləsi”, “Ümid”, “Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.
Əvəzedicilərin hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində U-19 komandasının bəzi üzvləri də iştirak edir. 44 yaşlı mütəxəssisin yetirmələri artıq ilk yoxlama oyununu da keçirib. “Qırmızı-qaralar” “Sumqayıt”ın əvəzediciləri ilə yoxlama oyununda 6:0 hesabı ilə qalib gəlib. Hazırlıq prosesinin 1-ci mərhələsini iyulun 18-də yekunlaşdıracaq komanda həmin gün “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Ardınca 3 günlük istirahətə buraxılacaq komanda hazırlığın 2-ci mərhələsi üçün bir araya gələcək.
Fanat.az