Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"la yanaşı, Avropa Liqasında yeganə təmsilçimiz olan "Qəbələ" də 3-cü təsnifat mərhələsinin ilk oyunlarını səfərdə keçirəcək. Hər iki klubumuzun səfər oyunları canlı yayımlanmaya bilər.
Bunu "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov deyib. O, qarşılaşmaların izləyicilərə canlı olaraq təqdim edilməməsinin səbəbini belə izah edib: "Biz səfər oyunlarını vermirik. Qarşı tərəfə barter təklif edirik. Ancaq Fransa və Çexiyada barter qəbul olunmur. Onlar "Eutelsat" peykindən istifadə etdikləri üçün ödəniş tələb edir. Ancaq ölkədə maddi problemin yaşandığı bir vaxtda biz bu ödənişi etmək gücündə deyilik. Söhbət 5-7 min avro arası məbləğdən gedir. Püşkatmadan sonra klublarımıza səfər oyunlarının canlı yayımlanması üçün müraciət etdik. Müraciət zamanı mövcud problemləri danışdıq. Ancaq təəssüf ki, nə "Qarabağ"dan, nə də "Qəbələ"dən müsabət cavab almamışıq. Ancaq ev oyunlarını hər zaman olduğu kimi bu dəfə də pulsuz olaraq canlı yayımlayacağıq".
Xatırladaq ki, "Qarabağ” sabah saat 22:15-də Çexiyada "Viktoriya”nın, iyulun 28-də isə "Qəbələ” "Lill"in qonağı olacaq. Fransada baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.(Sport7.az)
Fanat.az