Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "Lill"lə qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan bir gün əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib. Fanat.Az xəbər verir ki, ukraynalı çalışdırıcı qarşılaşma ilə bağlı media nümayəndələrinin suallarını cavablayıb.
- İlk oyunda "Lill" "Qəbələ"dən müdafiə futbolu gözləsə də, tam əksinə oldu. Sabahkı qarşılaşmada da "Qəbələ" hücum futboluna üstünlük verəcəkmi?
- Oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq. Təbii ki, hücum futboluna üstünlük verəcəyik. Öz oyun stilimizdən əl çəkməyəcəyik. Bu istəqəmətdə də çalışacağıq. Hər bir məşqçinin arzusu odur ki, əlindəki heyət geniş olsun. İstədiyimiz futbolçunu ala bilməmişik. Dayaq yarımmüdafiəçi mövqeyini də gücləndirmək istəyirdik. Ancaq maliyyə durumunu da nəzərə almalıyıq. Buna baxmayaraq, heyətdə yer alan bütün futbolçular ən yaxşını etmək üçün əllərindən gələni əsirgəmirlər.
- Rəqib hansı üslubda oynasa, Qriqorçuk B planına üstünlük verə bilər?
- Biz mövqe futboluna üstünlük veririk. Əsasən, bunun üzərində dayanacağıq. Futbolçularım heç vaxt məndən A və ya B planı ilə bağlı nəsə eşitməyib. Baş verəcək nüansları nəzərə alıb, bu barədə qarşılaşmadan əvvəl danışırıq. Biz daha çox rəqibin zəif tərəflərini öyrənib buna uyğun addım ata bilərik.
- Ederə qarşı fərdi oyuna üstünlük verəcəksiz?
- Ederin səviyyəsinə bələdik. "Lill"in heyətində başqa təhlükəli futbolçular da var. Ederə görə taktikamızı dəyişəsi deyilik.
- "Qəbələ"nin sabiq futbolçusu Viktor Mendinin sosial şəbəkə vasitəsi ilə komandaya dəstək olması ilə bağlı videoçarx yayılıb. Həmin videoya baxmısız?
- Videonu görməmişəm. Amma bu barədə eşitmişəm. Ona verdiyi dəstəyə görə təşəkkür edirəm.
- "Lill” daha çox cinahlardan hücum qurur. Rəqibin bu üstünlüyünün qarşısını necə kəsməyi düşünürsüz?
- "Lill”in cinahdan üstünlüyə malik olmasını düşünmürəm. Birinci oyunda müdafiəni elə qurduq ki, onlar mərkəzdən yox, cinahdan hücum qurmalı oldular.
- "Qarabağ”ın dünən "Viktoriya” ilə keçirdiyi cavab görüşünə baxdızmı?
- Məşqimiz olduğu üçün "Qarabağ”ın oyununa canlı baxa bilmədim. Amma matçın epizodlarını gördüm. "Qarabağ” haqda yalnız xoş sözlər deyə bilərəm. Bu, futboldu. Layiq olmadıqları nəticə ilə üzləşdilər. Mən "Qarabağ”ı dəstəkləyirəm və onlara uğurlar arzulayıram.
- "Qəbələ”dən ayrılan sabiq köməkçilərinizlə əlaqə saxlayırsızmı?
- Köməkçilərlə həmişə danışıram. Onların burda olmadığına görə peşmanlıq çəkmirəm. Biz bu gün üçün yaşayırıq. Baş verənləri artıq fikirləşməyə dəyməz. Köhnə köməkçilərim isə hazırda işsizdilər, istirahət edirlər.
- Adətən hər oyundan öncə 5:0 hesablı qələbəyə söz verirsiz. Bunu "Lill” ilə matçdan əvvəl də edə bilərsizmi?
- Rəqiblərimiz dəyişsə də, bizim arzularımız dəyişmir. Yenə də istərdik ki, 5:0, 6:0 hesablı qələbələr əldə edək.
Fanat.Az