Avropa Liqasının III təsnifat mərhələsində "Lill"i devirən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil edilmiş mətbuat konfransında oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.
"Bu qələbə bizim üçün xüsusi önəm daşıyırdı. Çünki tariximizdə ikinci dəfə pley-offa adladıq. Bu gün stadiona toplaşan azarkeşlərin qələbə istəyini hiss elədim. Bu, elə bir qələbədi ki, bunu ömür boyu xatırlamaq olar. Bu qədər sevinməyimin səbəbi məğlub etdiyimiz rəqibin "Lill" olmasıdır. Belə qələbələr ölkənin imicini yüksəldir".
- 1995-ci ildə Azərbaycan Fransaya 0:10 hesabı ilə məğlub olmuşdu. Klublarımızdan isə heç biri fransız rəqiblərə qalb gələ bilməyib. Bu barədə məlumatınız var idi?
- Bu barədə məlumatım yox idi. Düzü, statistika ilə maraqlanmıram. Çünki bu, az əhəmiyyət daşıyır. Biz ancaq qələbə haqda düşünürük.
- Bu qələbəni restoranda nə vaxt qeyd edirik?
- Sabah saat 17:00-da görüşürük. Sonra da gedərik "Jumeirah" otelinə. Qumda futbol oynayıb, dənizdə üzərik. Sonra da şam yeməyində bir araya gələrik (gülür).
- Sevinc hiss gecə yatmağa imkan verəcək?
- Elə bir rejimə öyrəşmişəm ki, gecə 4-dən tez yatmıram. Buna artıq öyrənmişəm. Çünki stress yaşayıram. Ancaq bugünkü stress pozitivdi. Sevincimdən səhərə qədər yatmayacam.
- Bu zəfəri karyeranızın ən önəmli qələbəsi hesab etmək olar?
- Bu qələbə yadımdan çıxmaz. Hər qələbənin öz rolu var. "Lill" üzərindəki qələbə bizi pley-offa daşıdı.
- Çempionatda legioner limiti dəyişməlidimi?
- Mən Azərbaycan çempionatındakı legioner limitinə görə təəccüblənirəm. Bununla heç kimi tənqid etmək istəmirəm. Amma mənim fikrimcə, legioner məsələsində limit olmamalıdı. Limitin olmasının yığmaya, klublara heç bir xeyri yoxdu. Hətta deyərdim ki, bu, bizə mane olur. Limitin aradan qaldırılması klublara qənaət də gətirə bilər. Heyətdə güclülər yer almalı, zəiflər kənarda qalmalıdı. Mənim məsələyə yanaşmam bu cürdü.
- Heyətdə olan hər bir futbolçunun çıxışı sizi qane etdimi?
- Ayrı-ayrılıqda hər birinin oyunu xoşuma gəldi. Xüsusilə taktiki planda həddindən artıq yaxşı oynadıq. Yalnız məcburi dəyişikliyə əl atdım. Ozobiç zədələnməsəydi onu əvəzləməyəcəkdim. Mexanizm öz işini görürdü.
Fanat.Az