"Qəbələ" Elnur Allahverdiyevin keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, mətbuatın transferin saxtakarlıq olduğunu sübut edən onlarla faktını nəzərə almayan klub rəhbərliyi müdafiəçi ilə yarımmillik müqavilə imzalayıb. Elnur "Qəbələ"də 26 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Allahverdiyev "Qəbələ"dən əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovub. "Qəbələ" və "Xəzər Lənkəran" rəhbərliyi onun Lənkəran klubundan avqustun 31-də ayrıldığını iddia etsə də, əslində futbolçuya transfer vərəqi ayın 17-də verilib. Bu səbəbdən onun "Qəbələ"ə keçidi və Premyer Liqada oynaması qanunsuzdu.
Allahverdiyev gabalafc.az-a açıqlama verib: “Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündü ki Qəbələdəyəm. Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdi. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.