Amal Abuşov
Mənzil başına çatmışıq. Bakının sayılıb-seçilən oğlanlarının bir araya gəldiyi Müşahidə Şurası "Neftçi”ni çıxılmaz dalana dirəyib.
Bir-neçə gün bundan əvvəl klubun mətbuat xidmətinin adından yarıbəyanat – yarıməlumat xarakterli yazı yayılmışdı. Nə qədər qəribə olsa da, "Neftçi”nin rəsmi saytında həmin yazıya rast gəlmədim. Belə çıxdı ki, klub çalışanları özləri öz yazdıqlarından xəcalət çəkirmişlər. "Nə ondandı, nə bundan” prinsipiylə yazılan yazı bərbad olduğundan onu rəsmi saytda yerləşdirməyə də cürət etməyiblər. Çox keçmədi ki, durnanı lap gözündən vurdular. Maraq və təəccüb hissi insana rahatlıq vermir. Soruşmaq istəyirsən ki, həzarat, bir-neçə gün əvvəl keçirilən Müşahidə Şurasının qərarlarını yeni toplantı olmamış niyə qəfildən açıqladınız? Qərarlar hazır idisə, elə vaxtında yayardız. Azarkeşlər də, mətbuat da xəbərdar olardı. Yox, hazır deyildisə, səhər tezdən tələm-tələsik hazırlamağınıza nə səbəb oldu? O qədər tələsmişdilər ki, kobud qrammatik və siyasi səhvlərə də fikir verməmişdilər. Sonradan elə saytdakı açıqlamaya gözəbatan redaktələr etdilər, ictimai qınağa, iztehza obyektinə çevrilən kəlmələri həmin yazıdan sildilər.
Müşahidə Şurası hakimiyyət başına gələn gündən yazdıqlarım hamısı özünü doğruldub. Bir qədər gec, yaxud tez. Zərrə qədər də yanılmamışam. Öncəgörənliyim yoxdu, heç falçıya-zada da getmirəm. Sadəcə, biz bu ssenarinin müəllifləri olan adamların kəramətinə bələdik. 2008-ci ildə elə bu adamların "Neftçi”nin başına gətirdikləri Hans-Yurgen Gedenin əməllərindən azmı ziyan görmüşdük? Hərdəmxəyal almanın "xalq komandası”ndan kənarlşadırdığı futbolçuların az qala hamısı ölkənin digər klublarına özlərini təsdiqlədilər, aparıcı simalara çevrildilər. Amma Gede və onun havadarları Azərbaycan futbolunun tarixinə uduğursuz və fərasətsiz adamlar kimi ömürlük həkk olundular. Gedə burdan gedəndən sonra ömrünü Əfqanıstanın və İranın çöllərinə keçirdi. Onun zülmündən zorla qurtulan "Neftçi” isə adını tarixə qızıl hərflərlə yazdırdı, Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə digərləri üçün vacib cığır açdı. Dünyaya yenidən gələn "Neftçi”nin uğuru, Azərbaycan futboluna qazandırdığı təkcə avrokubokların qrup mərhələsində iştirak olmadı. Ardıcıl 3 mövsüm çempionluğu heç kimə güzəştə getməyən "ağ-qaralar” ölkə çempionatının yeni marka dəyərini müəyyənləşdirdi, premyer-liqada rəqabəti artırdı, onunla yarışan komandalarımız üçün yeni hədəflərin səbəbkarına çevrildi.
"Neftçi”nin prinsipal rəqibi sayılan "Xəzər Lənkəran” qısa müddətdə büdcəsini və legionerlərinin səviyyəsini bir-neçə dəfə elə bu səbəbdən artırdı, bir-birindən gərgin "böyük oyun”lar Azərbaycan futbolunun bəzəyinə çevrildi. "Neftçi”nin hegemonluğuna son qoymaq üçün "Qarabağ” Reynaldo, Almeyda kimi braziliyalıları Azərbaycana gətirdi, ölkə futbolunun ən yaxşılarına sahib olmağa çalışdı. Bütün bunlar bizim gözlərimizin önündə yaşanan tarixdi və onları unutmağımız mümkün deyil. "Neftçi” Azərbaycan futbolunun inkar edilməsi mümkün olmayan həqiqəti, heç kimsəni iddia edə bilməyəcəyi qədər xalqın komandasıdı. Bu komandanı sıradan bir futbol kluba çevirmək, "Sumqayıt”ın gününə salıb, guya gənclərin yetişdiyi təlim poliqonuna döndərmək heç kimin həddində deyil. Guya, "Neftçi” Avropa Liqasının qruplarına yüksələndə, ölkə çempionatında hegomonluq edəndə yerli gənclər inkişaf etmirdi, "ağ-qaralar”ın əsas heyətində oynayıb püxtələşmirdilər? İndi yerdən-yerə vurulan Araz Abdullayev məhz həmin vaxt istedadını açmağa başlamış, "Everton” rəsmilərinin ta İngiltərədən bura gəlməsinə səbəb olmuşdu. Amit Qulzadə "Fənərbaxça”nın, Cavid İmamverdiyev də Kiyev "Dinamo”sunun maraq dairəsinə də məhz həmin illərdə düşmüşdü. Tərlan Quliyev, Emin Mehdiyev, Mirhüsey, Elvin Yunuszadə kimi gənclər Milan "İnter”inə, Kazan "Rubin”inə qarşı oyunlarda püxtələşir, əsl peşəkar futbolçuya çevrilib, milliyə namizəd sayılırdılar.
Diqqət yetirin, "Neftçi”nin gücdən salınmasıyla Azərbaycan premyer-liqasının haldan düşməsi, maraq və intiriqanın itməsi üst-üstə düşüb. Çünki musiqini sifariş verənlər eyni adamlardı, "pult”n qırmızı düyməsini basıb, ölkə klublarını və klub futbolunu da Foqtsun, Prosineçkinin ayağının altına atdıqları milli komandanın gününə salmaq istəyirlər. Amma istəklərinə çatmayacaqlar. "Neftçi”nin hazırda düşdüyü böhran, iddialarını itirməsi, elitadakı yerini qorumağa çalışacaq günə salınması onların aldadıcı qələbəsidi. Bu qısametrajlı qələbənin sonunda isə həmin məkrli planın müəlliflərini çox ciddi məğlubiyyətlər gözləyir. "Neftçi”yə əbəs yerə "xalq komandası” demirik. "Neftçi”ni xalq yazıçısının əliylə uçuruma itələməyə, məhv etməyə çalışsalar da, qayalıqlara çırpılan özləri olacaqlar. "Neftçi”ni biz qoruyacağır. Lazımı anda, sonuna kimi!
"Futbol+"