Topaz Premyer Liqasının XI turu kifayət qədər maraqlı alındı. Lider “Qəbələ” xal itirdi, “İnter” cari mövsümdə ilk dəfə məğlub oldu, “Neftçi” isə uzun aradan sonra qalib gəldi – bunlar öz yerində. Lakin həftəyə “Neftçi” – “İnter” matçının baş hakimi Rəvan Həmzəzadənin penalti qərarı damğa vurdu desək, olayı şişirtmiş olmarıq. Hər halda, belə “quşlara” nəinki ölkəmizdə, dünya futbolunda nadir hallarda rast gəlinir.
Müasir futbolda hakim xətaları müxtəlif səbəblərdən qaynaqlana bilər. Hakim də insandır, səhv edə bilər. Bizim videotəkrarda 5 dəfə baxıb, qərar verə bilmədiyimiz epizodu hakim bir an içində dəyərləndirir ki, belə durumda yanlışlıqların olması qaçılmazdır. Başqa bir səbəb – qərəzdir. Deyək ki, “A” referinin “B” komandası ilə ədavəti var, ulduzu barışmır. O, da həmin komandanın duellərini təyinat alanda, bacardığı qədər hayıf çıxır. Rüşvət almaq müqabilində və ya oyunlara kontorlarda pul qoyuluşu edib, nəticəyə təsir edəcək qərarlar çıxartmaq bizim hakimlərin başı üçün deyil. Rüşvət alıb, öz başına iş görən bir neçə referinin aqibəti digərlərinə görk olub. Bizim hakimlərin rüşvət almaqla yanaşı, pul qoyuluşu etməyə də hünərləri çatmaz.
Geriyə bir variant qalır – hakimlərin AFFA-dan göstəriş almaları. Hər halda, bəzi hakimlərimizin səhv olaraq qəbul etmədiyimiz qərarlarının başqa izahı yoxdur. Əgər ötən mövsüm baş tutan “Sumqayıt” – “Rəvan” (3:3) görüşünün baş hakimi Orxan Məmmədov matça 3 dəqiqə əlavə etdiyi və həmin müddətdə oyunda ciddi fasilə olmadığı halda, matçı əlavə 4 dəqiqə də davam etdirib, meydan sahiblərinin bərabərlik qolunu vurmasına şərait yaradırsa, burda səhvdən söhbət gedə bilməz. Bunu adı hər nədirsə, “səhv” olmadığı dəqiqdir.
Bax, Həmzəzadənin “Neftçi” – “İnter” matçında qonaqların qapısına verdiyi penalti qərarı da bu qəbildəndir. Burada səhvdən qətiyyən söhbət gedə bilməz. Referi cərimə meydançasından 2 metr kənarda Zurab Xizanişvilinin əlinə dəyən topu penalti kimi dəyərləndirirsə, adamın haqqını vermək lazım. Bu, cəsarət tələb edən qərardır. Çünki Həmzəzadə yaxşı bilir ki, matçdan sonra bir müddət mətbuata, sosial şəbəkələrdə onun ünvanına xoş olmayan sözlər yazılacaq. Ancaq görünür ki, ictimai qınaq onun üçün problem deyil. O, bu işin nəticələrinə qatlanacağına əmin olduğu üçün bu cür absurd penalti təyin etməyi gözə alıb.
“Neftçi”nin vurduğu ilk qolda Cavid İmamverdiyevin oyundan kənar vəziyyətdə olması da, mübahisəyə acıdır. Hər halda, canlı yayım zamanı təqdim edilən kadrlardan dəqiqə nəticəyə gəlmək olmur.
Hə, bu işdə qapı arxasında dayanan köməkçi hakim Rəhim Həsənovun, eləcə də yan xətt hakiminin günahı var. Lakin topun ələ dəydiyi an elə də çətin epizod deyil ki, referi görə bilməsin. Görmürsə, fiti təhvil verib, göz həkiminə müraciət etsin.
Yeri gəlmişkən, həmin Rəhim Həsənovun I turda baş tutan AZAL - “Neftçi” (0:2) görüşündə meydan sahiblərinin təmiz qolunu saymadığını da unutmamışıq. Həmin qol qeydə alınsaydı, nəticə də fərqli ola bilərdi.
Bir məqamı da vurğulayaq. AZAL – “Neftçi” görüşündə əlavə köməkçi hakim Ramil Diniyevin həmin epizodda Həsənova kömək etmədiyi müzakirə olunmuşdusa, indi də Həsənovun Həmzəzadəni yanlış yönləndirməsindən danışırıq. Deyəsən, deyilənlər həqiqətdir: matçlara əlavə köməkçi kimi təyinat alan referilər baş hakimlərin yanlış qərarlar verməsində maraqlıdırlar. Bu da, onlar arasında rəqabətdən irəli gəlir.
Rəvan Həmzəzadənin hoqqası onun “fəaliyyətinə” nəzər salmağımızı zəruri etdi ki, burada qarşımıza kifayət qədər maraqlı məqamlar çıxdı.
Demək, onun ötən mövsüm XI turu çərçivəsində baş tutan “Qarabağ” – “İnter” (2:0) görüşündə Zurab Xizanişvilinin boş qapıdan çıxardığı topu Giorgi Lomayanın əlinə götürməsini ötürmə kimi dəyərləndirməsi geniş müzakirəyə səbəb olmuşdu.
Epizodu aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. Burada da hakimin səhvə yol verməsində söhbət gedə bilməz. Rəvan bəy Lomayanın topu ələ almasını qayda pozuntusu kimi qiymətləndirir və sərbəst zərbə təyin edir. Lakin Ağdam klubunun futbolçuları onun bu “hədiyyəsindən” yararlana bilmirlər.
Ümumiyyətlə, Həmzəzadə həmin görüşdə nəticəyə təsir edən səhvə yol verməsə də, sarı vərəqələrdə, qayda pozuntularının dəyərləndirilməsində ciddi qüsurların müəllifi olub. İndi yenə "İnter", yenə Xizanişvili... Olmaya Həmzəzadənin "İnter"lə və ya gürcü oyunçu ilə nəsə problemi var ki, bu da qərəzə yol açır?
Maraqlıdır ki, Rəvan bəy hər iki halda “İnter” 0:1 hesabı ilə məğlub durumda olduğu vaxtda komandanın belini qıracaq qərar çıxarıb. Bu isə komandanı həm də mənəvi cəhətdən sındırır.
Hər olayda bir pərdəarxası nüans axtarmaq kimi çıxmasın, Həmzəzadəni AFFA-dan maliyyələşən klubları üçün ən düşərli referi kimi xarakterizə etmək olar. O, ötən mövsüm “Sumqayıt”ın iştirakı ilə keçirilən 5 oyunda fit çalıb və bu görüşlərdə AFFA-nın baş katibi Elxan Məmmədovun dostu Kamran Quliyevin komandası 12 xal toplayıb.
Həmzəzadə həm də AFFA-nın qanadı altında olan başqa bir klubun - “Kəpəz”in “dostudur”. Ötən mövsüm gəncəlilər gənc referinin idarə etdiyi 3 oyunun hamısında qalib gəlib...
P.S. Böyük ehtimalla, görüntü xətrinə Rəvan Həmzəzadə 3-5 oyun cəza alıb, I diviziona ezam olunacaq. Sonra yenidən qaldığı yerdən davam etməsi üçün işinin başına dönəcək.
Fanat.Az