“Zirə” üzərində qarşı tərəfin ciddi etirazlarına səbəb olan tək qolla qələbə qazanan “Sumqayıt” ardıcıl 4-cü zəfərinə imza atdı və qış fasiləsinə 4-cü pillədə yollandı. Sumqayıtlıların təcrübəli müdaqfiəçisi Rail Məlikova bir neçə sual ünvanlamağı lazım bildik.
- Çempionluğa oynayan klubların formasında gördüyümüz Rail Məlikov Türkiyə macərasının ardından iddialı Azərbaycan təmsilçilərində oynamır. “Sumqayıt”ın kiçik hədəfləriylə barışmaq çətin deyil?
- Reallıq budu ki, AZAL-dan sonra “Sumqayıt”a gəlmişəm. Düzdü, hədəflər böyük deyil. Amma burda da özümüzə uyğun hədəflərimiz var. Bacardığımız qədər irəli addımlamaq istəyirik. Rəhbərlik də lazımi səviyyədə dəstəkləyir. Gənc komanda sayılırıq. Həm burda olmaqla gənclərə də müəyyən təcrübə qazandırıramsa, deməli, oynamağa dəyər.
-“Zirə”ni yenməklə qış fasiləsinə 4-cü pillədə yollandınız. Avroliqaya vəsiqə arzusu necə, əlçatandı?
- Sabitliyi qorusaq, qələbələrin sayını artırsaq, buna da nail ola bilərik. Amma bizim qarşımıza məhz avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Sonadək mübarizə aparacağıq. Avroliqaya qatılmaq şansımızın olduğunu bilmək bizi daha da həvəsləndirəcək.
- “Zirə”nin baş məşqçisi Adil Şükürov yenilginin ardından hakim qərəzindən danışıb...
- Narazılıqlarını dilə gətirmək haqlarıdı. Hakim idarəçiliyindən şikayət edirlərsə, öz işləridi. Amma son oyunda “Zirə”nin oynadığını, “Sumqayıt”ın qələbə qazandığını demək də olmaz. Biz layiqli mübarizə apardıq və bir yox, bir neçə qol vəziyyəti yaratdıq.
- Bu mövsüm “Sumqayıt”a aşağıdan yuxarı baxan “Neftçi”nin iddialı vaxtlarında sən də “ağ-qara” formanı geymisən. Bakı təmsilçisini bu vəziyyətdə görmək necə hissdi?
- Təbii ki, bir azərbaycanlı kimi, çox üzülürəm. “Neftçi” Azərbaycan futbolunun "flaqman"ıdı. Bu vəziyyətə düşməsinin səbəblərini belə, anlamağa çətinlik çəkirəm. Biz onları bu mövsüm keçirdiyimiz hər iki oyunda məğlub etmişik. Son turda AZAL-a da uduzdular. “Neftçi”nin çökməsi çempionatı da zəiflədir. İşlərin qaydasına düşəcəyinə ümid edirəm. “Neftçi”ni belə görmək doğrudan da hər birimiz üçün çox ağırdı.
- Amma bu da var ki, “Neftçi” adına uyğun futbol oynadığı vaxtlarda “Sumqayıt” kimilərin avrokuboklara qatılmaq şansı minimum idi...
- Bizim mövqeyimizdən baxsaq, elədi. Ancaq bir ölkənin "flaqman"ının bu vəziyyətdə olması yolverilməzdi. Turnir cədvəlinə baxanda adam gözlərinə inanmır. O adın, formanın ağırlığı var axı... O necə "flaqman"dı ki, yeddinci yerdə gedir? Ümid edirəm ki, düzələr.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol