“Neftçi”ni “Qəbələ”yə dəyişən Araz Abdullayevin yeni iş klubunda necə görünəcəyi böyük maraq doğurur. İdman jurnalistləri Qəbələ təmsilçisinin yeni transferi haqda Fanat.Az-a danışıb.
Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru):
“Araz Abdullayev ağlını başına yığıb, işinə kökləndiyi zaman nəinki "Qəbələ", Avropanın istənilən ortabab komandasında parlaya biləcək potensiala malikdi. Elə vaxtilə oynama imkanını boşa verdiyi "Everton"da belə “18-liy”ə düşəcək istedada malikdi. Araz özü bunu başa düşəndə hər şey düzələcək. Məşqçinin, komandanın fərqi yoxdu. Hər halda, "Neftçi"dən fərqli olaraq "Qəbələ"də intizam, peşəkarlıq, məqsədyönlülük var. Roman Qriqorçuk da təcrübəli, güclü mütəxəssisdi. Onun yanında Araz “artıra” da bilər. Bizə isə yalnız gözləmək, Abdullayevin özünü toparlamasına ümid etmək qalır”.
Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru):
“Araz Abdullayev liderlik keyfiyyətləri olan futbolçu deyil. Məsələn,onda Rəşad Sadıqovda olan xarakter də yoxdu. Ki, ən çətin anlarda yükü üzərinə götürsün. Amma ola bilsin ki, Roman Qriqorçukun yanında futbolçu keyfiyyətlərini tam ortaya qoya bilsin. Cavid Hüseynovu yada salaq. Cavid sıradan bir futbolçudu. Amma "Qəbələ"də bir anda ön plana çıxmağı bacarmışdı. Bu, Hüseynovdan çox, olduğu klubun, baş məşqçinin əməyi idi. O baxımdan, "Qəbələ"nin ab-havası Araza da müsbət mənada təsir edə bilər. Amma bir daha deyirəm, Abdullayev liderlik keyfiyyətləri olan oyunçu deyil. Azərbaycan səviyyəsində yaxşı futbolçudu və yeni klubu yaxşı tərəflərini ortaya qoymasına kömək edə bilər”.
Emin Abbasov ("CBC Sport"un futbol şərhçisi):
“Məsələnin ən vacib tərəfi odur ki, Araz Abdullayev Roman Qriqorçukun xeyli müddətdi yaxından izlədiyi, tanıdığı futbolçudu. Yəni, ukraynalı mütəxəssis onu öz oyun modelinə uyğun futbolçu görməsəydi, "Qəbələ"yə gətirməzdi. Digər tərəfdən, Araz fərdi keyfiyyətlərinə görə Premyer Liqamızda ən yaxşılardandı. Onun davranışına, xarakterinə gəlincə, Qriqorçuk bu barədə də dolğun məlumata malikdi. Yanına çağırıbsa, deməli, Arazdan necə yaralanmağın yolunu bilir. Məncə, Araz "Qəbələ"də “artıra” bilər. Ruslan Qurbanov nümunəsi göz qabağındadı”.
Amal Abuşov ("Sport7.az" saytının redaktoru):
“Təəssüflər olsun ki, bu gün biz Araz Abdullayevin hansısa ortabab xarici klubda yox, "Qəbələ"də parlayıb-parlamayacağını müzakirə etməyə məcburuq. Bu, Azərbaycan futbolunun və futbolçusunun faciəsidi. Prinsipcə, Araz yetərincə yetkin və bərkimiş futbolçudu. "Qəbələ"də "Neftçi"də qazandığından çox qazanacaq, söyülməyəcək, təhqir və təzyiq altında oynamağa məcbur olmayacaq. Özü də taleyi ilə barışıb. Günlərini yola verib, pulunu qazanmaq həvəsindədi. Başqa hansısa qeyri-standart uğur gözləməyə dəyməz. Araz Azərbaycan futbolu üçün itirilmiş adlardan biridi. Bölgə klubunda sabit oynayacağı, ara-sıra məhsuldar ötürmə və qollarla adını gündəmə gətirəcəyi gözləniləndi. Xüsusi nəyinsə baş verəcəyinə inanmıram”.
Ceyhun Rzayev ("Xəzər" televiziyasının əməkdaşı):
“Qriqorçuk Arazı ilk baxışdan bəyənib. Hətta ətrafına "Azərbaycanda Avropa görünüşlü yegane futbolçu Arazdı" deyib. Abdullayevin fitri istedadı var. Onun ən böyük şanssızlığı indiyədək Qriqorçuk səviyyəli məşqçinin "əlinin altına düşməməsidi". Araz fərdi oynamağı bir tərəfə qoyub, Qriqorçukun kolkektiv oyun anlayışını mənimsəsə, komandaya hədsiz faydası dəyər. Məncə o, "Neftçi"ni tərk etməklə düzgün qərar verdi. Gözünü açandan eyni klubda idi. Həyat monotanlaşmışdı onun üçün. Mühiti və klubu dəyişmək xeyrinə olacaq”.
Elçin Cəlilov ("Futbolpress.az" saytının baş redaktoru):
“Araz Abdullayevi Azәrbaycanda iki klub götürә bilәrdi - "Qәbәlә", "Qarabağ". Necәsә, birinciyә qismәt olub. Ancaq Qurban Qurbanovun onu çox istәdiyi haqda çox eşitmişәm. Hәr halda, Qriqorçukun Araza özünü tapmasında dәstәk olacağını gözlәyirәm. Abdullayev çәtin psixologiyası olan idmançıdı. Bu futbolçuya meydanda etmәli olduğunu tapşırmaqla yanaşı, hәm dә gәrәk onun fantaziyalarını hiss vә ram edәsәn. Möhtәşәm potensialı var. Elә "beyni" dә. Sadәcә, məşqçi lazımdı ki, "işlәtsin" onu. Fikrimcә, Qriqorçuk bunu yaxşı bacaracaq. Araz "Qәbәlә"yә yaraşır. "Qarabağ"ın oyun modelindәnsә, daha çox "qırmızı-qaralar"ın futbol tәrzinә uyğun oyunçudu. Bu transferin uğurlu olacağını düşünürәm. Hәm dә bunu Arazın son şansı hesab edirәm. Bu dәfә dә "tutuzdura" bilmәdisә... Pis heç nә demәyim hәlә. Әn maraqlısı isә Qriqorçukun onu hansı cinahda oynadacağıdı. Araz daha çox sağ cinahda inamlıdı. Uğurlu olsun”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol