"İnter"in hücumçusu Ağabala Ramazanovun "Qarabağ"a keçidi barədə xəbər vermişdik. Bununla da "Qarabağ" Elşən Abdullayevdən sonra 2-ci transferini həyata keçirib.
Ancaq Ağabala Ramazanovu "Neftçi"yə buraxmayan "İnter"in "Qarabağ"a güzəştə getməsi maraq doğurur. Görünür, "Qarabağ" tərəfinin Bakı klubuna futbolçunun transferi üçün ödədiyi məbləğ çox şirnikləşdirici olub.
Qaynarinfo.Az bunu dəqiqləşdirmək üçün "İnter"in yeni prezidenti Azər Əliyevlə əlaqə saxlayıb. Əliyev isə Ramazanovu pulsuz buraxdıqlarını bildirib:
"Onun "Qarabağ" klubuna keçməsi xəbəri düzdü. Ancaq biz onu pulsuz buraxmışıq. Bu məsələdə futbolçunun "Qarabağ"a getməkdə həvəsli olması da əsas rol oynayıb".
Qeyd edək ki, FİFA-nın 2 transfer dönəmində futbolçu almaq qadağası olduğundan, "İnter" heyətini yaya kimi qorumağa məhkumdur. Lakin göründüyü kimi, "bankirlər" əsas heyət üzvünü buraxmalı olub.
Fanat.Az