Bu qış transfer bazarının ən aktiv klubunun "Neftçi" olduğu şübhəsizdi.
Sport7.az xəbər verir ki, "ağ-qaralar"ın Antalyadakı düşərgəsində yeni əcnəbilərin sayı xeyli çoxdu. Artıq yerli Namiq Ələsgərovla yanaşı 5 əcnəbi futbolçuyla rəsmi müqavilə imzalanıb. 6-cı əcnəbi Damir Vidoviçi sıralarına qatmaqdan çəkinən məşqçilər korpusu və rəhbərlik onu vətəninə yollayıb. Çünki hücumçu adi futbolçu keyfiyyətlərindən, ibtidai bacarıqlardan belə mərhum olub.
Toplanışın sonuna qədər daha 2-3 futbolçuyla müqavilə imzalanacağı şübhəsizdi. Onların arasında AFFA-nın sevimlisi Pavel Paşayev də olacaq. Menecerlərlə yaxşı işbirliyi quran, heç bir menecerin xətrinə dəymək istəməyən "Neftçi" ilk iki transferini fərqi menecerlərlin vasitəsiylə reallaşdırdı. İqnasio Herreranı "Neftçi"yə gətirən menecer Kamil Məmmədov sosial şəbəkələrdəki şərhlərinin birində etiraf etmişdi ki, "Neftçi"yə gətirilən 9 yeni futbolçudan yalnız biri onun müştərisidi. Gürcü Georgi Navalovskinin də Erkin İbrahimov vasitəsiylə "Neftçi"yə gəldiyi məlumdu. Deməli, qalanları eyni şəbəkənin "tapıntısı"dı? Bəs o şəbəkə kim və ya kimlərdən ibarətdi?
Artıq bu sualların da cavabı var. Fanat.az saytında çalışan həmkarlarımız müəyyənləşdiriblər ki, "Neftçi"nin digər yeniləri kluba Elxan Məmmədovun yaxın kadrı, AFFA-da iki vəzifə tutan Riad Rəfiyev vasitəsiylə gətirilib. Adı Elnur Cəfərovun, Kamran Ağayevin, Emin Mahmudovun transferində də hallanan Riad Rəfiyev AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru və Azərbaycan millisinin adminstratoru vəzifəsində çalışır.
Xatirələrimizi təzələyəndə onun "Bakı"da çalışdığını da yadımıza sala bilərik. AFFA-da vəzifə tutmamışdan əvvəl Rəfiyev "Bakı"da menecer kimi fəaliyyət göstərib və kluba əsasən Cənubi Amerikadan, eləcə də İspaniya və Portuqaliyadan futbolçular calamağa çalışıb. Əldə etdiyimiz bilgiyə görə, onun futbol işbazları ilə yaxşı əlaqələri var. Həmin işbazlar öz təsir dairələrinə saldıqları futbolçuları ölkələrinin millisinə 1-2 dəfə çağırtdırmağa nail olurlar. Daha sonra da onların qiymətini qaldırıb, zəngin klublara satmağa çalışırlar. Tanış ssenaridi, elə deyilmi? Azərbaycanda da son illər bu siyasət əsasən Dağıstandan gətirilən futbolçularla bağlı həyata keçirilir.
Rəfiyevin həmin şəbəkəylə birlikdə "Bakı"ya gətirdiyi ən uğurlu transfer boliviyalı Edemir Rodriges Mercado olub. 2009-cu ildə Meksika ilə yoldaşlıq görüşündə Boliviya millisində debüt edən Rodriges bu formanı cəmi 13 dəfə geyinmək şərəfinə layiq görülüb. Bu qarşılaşmaların da əksəri qeyri-rəsmi oyunlara və turnirlərə təsadüf edib. Əvəzində onu 2012-ci ildə "Bakı"ya 500 min dollar qarşılığında transfer ediblər. Özü də bu transfer həmin vaxt Hafiz Məmmədova elə AFFA tərəfindən məsləhət görülən Riad Rəfiyevin vasitəsiylə gerçəkləşdirilib. Boliviyalı futbolçu "Bakı"da 2012/2013-cü il mövsümündə cəmi 17 oyuna çıxıb və 2 qola imza atıb. Onun "Bakı"dan ayrılması elə Rəfiyevin klubdakı işindən azad olunmasıyla üst-üstə düşüb. Əvəzində Rodriges və menecerləri Məmmədovdan yarım milyon dollar qopara biliblər. Rəfiyevin bu transferdən azı 10 faiz qazandığı isə şübhəsizdi.
İnternet qaynaqlarına inansaq, "Bakı" Rodrigesin legioner olduğu yeganə klubdu.
Məsələ ilə bağlı Rəfiyevin də mövqeyini öyrənməyə çalışdıq. Amma cəhdlərimiz fayda vermədi. Nəsə öyrənə bilsək, mütləq sizə çatdıracağıq.
Mənbə: sport7.az