40 il əvvəllə bu günün acı müqayisəsi: sabah isə daha da pis ola bilər!
Son vaxtlar Azərbaycan şahmatındakı geriləmə ilə bağlı mətbuatda maraqlı məlumatlar dərc olunur. Bu məlumatlardan xüsusilə axır bir neçə ildə ölkə şahmatının ciddi şəkildə uğursuzluq zolağına düşdüyü aydın görünür.
Oxucularda ümumi vəziyyət haqqında aydın təəssürat oyatmaq üçün bəzi faktları diqqətə çatdırmaq istəyirik.
Bu ilin iyulunda Slovakiyada Yeniyetmələrin Ümumdünya Olimpiadasında komandamız XI yerə çıxmışdır. Halbuki, ümumi reytinqə görə komanda 3-cü yerdə idi. Həmin Olimpiadada I yerə İran, II yerə Rusiya, III yerə isə Ermənistan komandaları çıxmışdır. Avqust ayında Çexiya Respublikasında keçirilən Uşaq və Gənclər arasında Avropa çempionatında 23 nəfər şahmatçımız iştirak etmişdir. Onlardan ancaq 1 nəfər 3-cü yerə çıxıb. Digər şahmatçılar isə birinci onluqdan kənarda qalıblar. Ermənistandan komandası isə həmin yarışda 21 nəfərlə iştirak etmiş və təmsilçisindən 2 nəfəri I yerə çıxaraq qızıl medal qazanıb, 9 nəfəri isə birinci onluqa daxil olub.
Sentyabr ayında RF-nın Xantı-Mantiysk şəhərində keçirilən Yeniyetmə və Gənclər arasında dünya birinciliyində isə şahmatçılarımız ümumiyyətlə bir medal belə qazana bilmədi. Ermənistan şahmatçı isə həmin yarışın 18 yaşadək olan qrupunda I yeri tutaraq qızıl medal qzanb, həmin qrupda çıxış edən bizim şahmatçımız isə 35-ci yerə çıxmışdı. Bu yarışda 16 yaşadək şahmatçılar arasında Ermənistan təmsilçisi yenə də 1-ci, Azərbaycan şahmatçısı isə 28-ci yerə cıxıb. 14 yaşadək şahmatçılar arasında ermənistanlı şahmatçı 4-cü, bizimki isə 26-cı yerləri tutublar. Cari ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində uşaq və yeniyetmələr narasında Dünya çempionatında respublikamızdan 38 nəfər iştirak etmişdir. Bu yarışda isə təkcə Sumqayıt şahmatçısı Orucov Fərid 3-cü yeri tutub. Onun da məşqçisi, yarışa özünün və valideyinin vəsaiti ilə gedibmiş.
Əgər bu nəticələri əvvəlki illərlə müqayisə etsək , məsələn, elə 2015-ci il ilə, görərik ki, nəticələrimiz get-gedə xeyli aşağı düşür. Qazanılan 1-2 medal isə ancaq 8-12 yaş qruplarındadır. Bu yaş qruplarında olan uşaqlar isə, əsasən, şahmat məktəblərində öz məşqçi-müəllimləri tərəfindən hazırlanır. Bu da onu göstəriri ki, yuxarı yaş qruplarındakı şahmatçılarımızın hazırlığı zəifdir.
Hələ bu harasıdır?
Azərbaycan şahmatçıları şəxsi hesabda da FİDE-nin reytinq cədvəllərində sürətlə geriləyirlər. Elə bu yazını hazırlayarkən apardığımız araşdırmada məlum oldu ki:
- 2016-cı ilin dekabr ayına görə kişilər arasındakı ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur (12-ci yer). Bir neçə il əvvələdək isə Azərbaycan şahmatının ən ümidverici ismi olaraq göstərilən, hazırda həmin ümidləri doğrultmasına böyük şübhələr yaranan Teymur Rəcəbov siyahıda nə az, nə çox, düz 34-cü yerə yuvarlanıb.
- Qadınlar arasında vəziyyətə gəlincə, vəziyyət daha acınacalıdır. İlk 30-luqda üç gürcü qadın şahmatçısı varkən, Azərbaycandan ən yaxşı göstərici Gülnar Məmmədovaya aiddir - nə az, nə çox düz 71-ci yer! Halbuki ermənilər ilk 50-likdə 2 şahmatçı ilə təmsil olunurlar.
Bütün bu və digər faktlar Azərbaycan Şahmat Federasiyasının son illərdəki fəaliyyətinin səmərəliliyini kölgə altına alır. Federasiya prezidenti Elman Rüstəmovun qurumdakı işinə ikinci dərəıcəli münasibətini bəlkə də başa düşmək olar: yəqin ki, indi onu daha ciddi problem – ucuzlaşmaqda olan Azərbaycan manatının taleyi daha çox düşündürür, narahat edir?
Bəs federasiyanın vitse-prezidentləri olan Faiq Həsənov və Mahir Məmmədova nə deməli? Mətbuatda müxtəlif vaxtlarda yer alan məlumatlardan belə məlum olur ki, AŞF-nin bu iki aparıcı fiquru adıçəkilən qurumda faktiki olaraq qeyri-peşəkar mühit yaradıblar, federasiyada idarəçilik “doğmalar və yadlar” ayrı-seçkiliyi üzərində qurulur, uzun illər ölkə şahmatına misilsiz xidmətlər göstərmiş şəxslər hansısa şəxsi maraqlar ucbatından küsdürülür, incik salınır, onların professionallığı bir kənara qoyulur və şahmat təsərrüfgatından zorən uzaqlaşdırılır, nəticədə meydan diletantlara qalır. Nəticə isə göz önündədir.
Bir az da ümumiləşdirsək, ölkə şahmatının sürətlə geriləməsi, tənəzzülü hazırda AŞF-yə şəxsi karyera və qazanc məqsədi kimi baxanların hegemonluğunun məntiqi sonluğudur.
Adam indiki vəziyyətə baxıb ötən illəri həsəd və qibtə ilə xatırlayır.
Elə AŞF-nin son illərdəki fəaliyyəti ilə bu qurumun təkcə 1966-1982-ci nillərdəki fəaliyyətini müqayisə edəndə hər şey aydın olur. Söhbət Çapay Sultanovun federasiyaya rəhbərlik etdiyi dönəmdən gedir. 1966-cı ildə AŞF sədri sədri seçildikdən sonra o, dərhal şahmat üzrə idman məktəblərinin yaradılması yollarını axtardı və nəhayət, 1968-ci ildə 26 Bakı Komissarları rayonunda ilk şahmat məktəbi yaradıldı. Əlbəttə, bir məktəb çox şeyi dəyişə bilməzdi. Vəziyyət isə 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçiləndən sonra dəyişdi. Elə həmin vaxtdan digər şahmat məktəbləri açılmağa başladı. 70-ci illər və 80-ci illərin əvvəlində şahmat məktəblərinin sayı 50-ni ötdü. Qeyd edək ki, hazırda ölkəmizdə 66 şahmat məktəbi fəaliyyət göstərir.
80-ci illərdə FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kampomanes Bakıya gəlmiş, respublika şahmat məktəbinin və AŞF-nin işini, məktəb direktoru, eyni zamanda federasiya sədri olan Ç.Sultanovun yaratdığı kompüter təlim proqramların yüksək qiymətləndirib.
1982-ci il 3 aprel tarixində keçirilən respublika komsomolunun 31-ci qurultayında ovaxtkı ölkə rəhbəri Heydər Əliyev demişdi: "Təcrübəsinin daha çox yayılmasına ehtiyac duyulan respublika şahmat məktəbinin fəaliyyətini uğurlu saymaq olar (direktor Ç.Sultanov). Məktəb qısa müddət ərzində böyük nüfuz və populyarlıq qazanmışdır".
H.Əliyev həmin dövrdə çıxışlarının birində isə qeyd etmişdi ki, şahmat təkcə idman kimi əhəmiyyətə malik deyil, o həmçinin sosial əhəmiyyətə malikdi - uşaqları küçədən aralayır və onları intellektual mübarizəyə sövq edir.
Çapay Sultanovun rəhbərliyi altında Respublika Şahmat Məktəbi Azərbaycan şahmatının gələcəkdəki bir çox ünlü isimlərinin yetişməsini təmin edib, bu məktəbin yetirmələri A.Sofiyeva, F.Vəlixanlı və N.Sultanova 1986-cı ildə SSRİ spartakiadasının qalibləri olub, 1988-ci ildə isə məktəbinin komandası SSRİ şahmat məktəbləri birinciliyində 3-cü yeri tutub.
H.Əliyev Moskvaya gedəndən sonra respublikada şahmatın inkişafı sahəsində uğurlar artdıqca, Kasparovun komandası tərəfindən federasiyaya hücumlar başladı. Onun respublikanın yeni rəhbəri K.Bağırovla yaxın əlaqələri yarandı və federasiyaya təzyiqlər daha da gücləndi. Və nəhayət, Ç.Sultanov federasiyadan uzaqlaşdırılır. Əslində bu, ölkə şahmatının tədrici tənəzzülünün də başlanğıcı da sayıla bilər. Çünki aradan keçən təxminən 30 il müddətində şahmat təsərrüfatına tamamilə fərqli sahələrin adamları rəhbərlik ediblər, onların şahmata peşəkar bağlılığının və yanaşmasının olmaması isə sonda zəngin ənənələrə, uğurlu keçmişə malik Azərbaycan şahmatını daha dərin uçuruma yuvarlayır.
Əgər bu gün AŞF sağlam, peşəkar qüvvələrə əmanət edilməzsə, qurum daxilində ciddi islahatlar (həm də hərtərəfli!) aparılmazsa, şahmat təsərrüfatının qorunmasına və inkişafına cavabdehlik daşıyan bu qurum KİMLƏRİNSƏ şəxsi maraqlarının təminatçısı olmaq yerinə, Azərbaycan şahmatının maraqlarının qoruyucusuna çevrilməzsə, vəziyyət bir neçə il sonra daha da ağırlaşa bilər.
Bizdən demək.
Gerisini qoy məsul şəxslər düşünsünlər...
Azad
Fanat.Az