"Qarabağ"ın futbolçusu Maksim Medvedev Rumıniyanın "Styaua" klubu ilə yoxlama oyunundan (2:0) sonra Fanat.Az-ın əməkdaşına müsahibə verib. Onun fikirlərini təqdim edirik.
- Oyun necə keçdi?
- Məncə, maraqlı oyun oldu. Baxmayaraq ki, komanda bir az yorğundu. Amma istədiyimiz oyunu sərgiləyə bildik. Yoxlama oyunu olsa da, qələbə qazandığımız üçün sevinirik. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq.
- Bundan əvvəl Albaniyanın “Şkenderbeu” klubu ilə qarşılaşmışdınız. Hansı oyun daha maraqlı oldu?
- Fikrimcə, birinci oyun da pis keçməmişdi. Amma bu gün istəklərimiz daha yaxşı həyata keçdi. Hücumların qurulması, əks-hücumların təşkili istədiyimiz kimi oldu. Albanlarla oyunda komanda 20 gündən sonra ilk dəfə meydana çıxmışdı. Bu da özünü göstərirdi, futbolçular arasında anlaşılmamazlıqlar olurdu. Bu gün isə futbolçular arasında anlaşma daha yaxşı vəziyyətdə idi.
- Premyer Liqada çempionluq uğrunda əsas rəqibiniz "Qəbələ"di. Bu komanda ilə oyunlarınızla bağlı fikirlərini bilmək maraqlı olar...
- Futbolda hər şey olur. İlk oyunda onlar qalib gəlmişdi, ikincidə biz sevindik. Hələ qarşıda iki matçımız var. Hər iki komanda çempionatın favoriti hesab olunur. "Qarabağ" hər zaman birincilik uğrunda mübarizə aparır və bundan sonra da çempionluq uğrunda mübarizə aparacaq. "Qəbələ" ilə gələn qarşılaşmalarda da çalışacağıq ki, gözəl oyun sərgiləyərək lazım olan xalları qazanaq.
- Əvvəllər çempionatda 3-4 favorit olurdu. Bu mövsüm isə mübarizə iki komanda arasında gedir. Bu işinizi asanlaşdırır, yoxsa sizə də mənfi təsir edir?
- 3-4 il əvvəl bütün komandaların büdcəsi böyük idi və maliyyə çətinlikləri yaşamırdılar. Klublar daha yaxşı futbolçular ala bilirdi. Pul var idi, hamı birinci yeri tutmaq istəyirdi. Maliyyə böhranı ilə əlaqədər indi bəzi klublar çətinliklər yaşayır. Buna görə də heyətlərinə yüksək səviyyəli futbolçular cəlb edə bilmirlər. Bu da təbii ki, onların səviyyəsinə təsir edir. Bir işimiz asanlaşır ki, rəqiblərimiz heyətinlərinə güclü legionerlər cəlb edə bilmir. Amma "Qarabağ"la yanaşı, "Qəbələ" də stabil çıxış edir və çempionluq mübarizəsi bu komandalar arasında gedir.
- Çempionatın zəifləməsi Avropadakı oyunlarınıza təsir edir?
- Təbii ki, edir. Əvvəllər Kolinkov, Çvetkov, Mpenza və başqa səviyyəli legionerlərə qarşı oynayırdıq. Yüksək səviyyəli futbolçulara qarşı oynamaq bizim daha da inkişaf etməyimizə səbəb olurdu. İndi vəziyyət fərqlidi. Avropada ilk oyunlarımızda çətinlik çəkirik. Təcrübəni avrokubok oyunlarında qazanmalı oluruq.
Fanat.Az