"Qəbələ"nin yeni transferi Daniel Subotiç kluba qayıdışını şərh edib. Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu klubun rəsmi "Facebook" səhifəsinin ünvanladığı "Hazırsanmı?" sualına şərh yazıb.
İsveçrə və Serbiya vətəndaşlığına malik forvard 2,5 ildən sonra "Qəbələ"yə qayıdışına sevindiyini bildirib. O, "Qəbələ" ilə bağlı çoxlu xoş xatirələrinin olduğunu açıqlayıb:
"Geri döndüyüm üçün çox xoşbəxtəm. Burda çox gözəl xatirələrim var. Şadam ki, yenidən "Qəbələ" kimi böyük klubda oynamaq imkanı qazandım. Artıq ilk çempionluq titulunu qazanma zamanı yetişdi. Mən bu çağırışa hazıram".
Qeyd edək ki, Subotiç 2013/14 mövsümündə də “Qəbələ”də oynayıb. Həmin vaxt 35 rəsmi oyuna çıxan futbolçu 13 qol vurub. "Qəbələ"dən Küveytin "Əl-Qadsiya" klubuna keçən Subotiç karyerasının ən böyük uğurlarına imza atıb. Belə ki, Küveyt çempionluğunu, ölkə kubokunu və Asiya Futbol Konfederasiyasının Kubokunu (AFC Cup) qazanıb. 2015-ci ildən Moldovanın "Şerif" klubunda forma geyinən Daniel ötən mövsüm çempionluğu bayram edib və 12 qolla ölkə çempionatının bombardiri olub.
Fanat.Az