Topaz Premyer Liqasında 1 baş məşqçi və 8 futbolçu cəzalı duruma düşüb. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk növbəti turun oyununu texniki zonadan izləyə bilməyəcək.
Buna səbəb onun "Neftçi" ilə oyunda texniki zonadan qovulması olub. Ukraynalı mütəxəssis AZAL-la oyunu tribunadan izləməli olacaq.
"Zirə" - "Kəpəz" oyununda meydan sahiblərindən Sezar Meza Kolli, qonaqlardan Renan da Silva birbaşa qırmızı vərəqə aldıqlarından 2 oyunluq cəzalanacaqlar. Sezar "Qarabağ"la, Renan "Sumqayıt"la oyunu buraxacaq. "Qarabağ"la matçda 2-ci sarı vərəqdən sonra meyandan qovulan AZAL-ın futbolçusu Sadio Tounkara isə 1 oyun cəza alacaq və "Qəbələ"yə qarşı oynamayacaq.
"Sumqayıt"dan kapitan Vurğun Hüseynovla Rail Məlikov, "Zirə"dən Yovan Krneta, "İnter"dən Elnur Abdullayev və "Neftçi"dən Ruslan Abışov 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüb. Vurğunla Rail "Kəpəz"ə, Yovan "Qarabağ"a oynaya bilməyəcək. Elnurla Ruslan isə "İnter" - "Neftçi" matçını buraxacaq.
Fanat.Az