“Əvvəlki matçlara necə hazırlaşmışdıqca, AZAL-a qarşı da hazırlığımız o cür olmuşdu”. Bunu “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının XVII turunda AZAL-ı qəbul edən “qırmızı-qaralar” 2:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Roman Qriqorçuk cəzalı olduğundan, komandanı meydana Sənan Qurbanov çıxarıb.
Gənc mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: “Çempionatda artıq bütün komandalar həm sürətli futbol oynayır, həm də müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Biz də topa daha çox sahib olub dominantlıq etmək istəyirik. Bəzən alınır, bəzən isə çox istədiyimizdən problemlərlə üzləşirik. Ümumilikdə götürsək, komanda təzyiq yarada bilir. Baş məşqçinin də istəyi daim total şəkildə rəqibə təzyiq etməyimizdi. Tez qol vurmağa çalışırıq. Buna nail olmadıqda futbolçularda bəzən psixoloji gərginlik yaranır. Hər şeyə rəğmən bu gün çox vacib 3 xal qazandıq. Buna çox ehtiyacımız var idi. AZAL-ın “Qarabağ”la son matçını təhlil etmişdik. Həmin matçda həm müdafiə olunmaqda, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdılar. Bu gün də bunu gördük”.
- Razısınız ki, qələbə qazansanız da komandanız ürəkaçan futbol sərgiləmədi? AZAL-ın hətta azlıqda qaldıqdan sonra da mübarizə əzmi itmədi və yalnız 2-ci qoldan sonra rəqibiniz təslim oldu...
- Razıyam. Bayaq vurğuladığım psixoloji gərginliyi gərək uşaqların üzərindən ataq. AZAL 10 nəfərlə qaldıqdan sonra onları sıxıb, şoka salmaq istəyirdik. Bu, bizdə alınmadı. Futbolda belə şeylər olur. Əsas odu ki, meydandan 3 xalla ayrıldıq.
- Daniel Subotiçin gəlişindən sonra sanki hücumlarınızın quruluşunda dəyişiklik olub. Futbolçular əsasən cinah ötürmələrinə üstünlük verir, mərkəzə çox meyl eləmirlər. Belə çıxır ki, oyunu Subotiçin üzərində qurmusunuz?
- Biz istəyirik ki, hücumçu rəqibin cərimə meydanında hərəkət edən divar olsun. Subotiç hava ötürmələri zamanı başla yaxşı oynayır. Çalışırıq onun bu keyfiyyətlərindən maksimum istifadə edək. Amma deməzdim ki, onun sürəti yoxdu.
- Ruslan Qurbanovun oyununda yeni gəldiyi vaxtla müqayisədə geriləmə müşahidə olunur. O, həvəssiz oynayır, yoxsa formada deyil?
- Fikrinizlə razıyam. Ruslan Qurbanov çox potensiallı futbolçudu. Bu keyfiyyətlərinə inanıb onu komandaya götürmüşük. İnamımız odu ki, oyundan-oyuna daha yüksək səviyyədə çıxış edəcək. Bilirsiniz, bizim özünəməxsus oyun üslubumuz var. Futbolçunu da məhz o sistemə uyğun gətiririk. İnanırıq ki, Ruslan yaxın vaxtlarda biz istəyən futbolu göstərəcək.
- Rikardinyo və Rafael Santosdan sonra bu gün daha bir müdafiə Vitali Vernidub sıradan çıxdı. Qarşıda isə sizi çox ağır oyunlar gözləyir. Yeni transfer Rasim Ramaldanov isə hələ ki, “18-lik”də yer almır. O, nə vaxta hazır olacaq?
- Təəssüf ki, Vitali də zədələndi. Deyəsən zədəsi ciddidi. Bu xəbər bizi çox üzdü. Rasim Ramaldanov isə qış təlim-məşq toplanışında iştirak etməyib, yalnız fərdi məşqlər edib. Getdikcə yaxşı təsir bağışlayır. Şükürlər olsun ki, Rasim var. Amma Vernidubsuz bizim üçün çətin olacaq.(Apasport.az)
Fanat.Az