00:07 19.02.2017 645

"Rəşad Sadıqov Allaha and içirsə..." - "Zirə"nin qapıçısı

“Zirə”nin qapıçısı Anar Nəzirov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “İnter”lə 1:1 hesablı heç-heçə etdikləri və 74-cü dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyduğu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qırmızı vərəqə doğru qərar idi?
- Bəli.

- Yəqin ona görə etiraz etmədiniz...
- Düzdür, vaxtı yubatmaq üçün bir az mübahisə elədim, 10 nəfərlə qalmışdıq. Ancaq səmimi deyirəm, top əlimə dəymişdi. Son adam mən qaldığım üçün məcbur qaldım.

- Komanda yoldaşınız Yovan Krnetanın geriyə ötürməsini də tutdunuz...
- Xeyr, ötürmə deyildi, sürüşmə idi.

- Bu gün də hakim səhvləri oldu. Bu barədə nə deyə bilərsiniz?
- Nə bilim, o qədər səhv olur ki, hakimlər təzyiq altındadırlar. Oyunu istədikləri kimi idarə edə bilmirlər. İndi ən populyar insanlar hakimlərdir. Əlbəttə, onlar da belə olmasın istəməzlər. Kim istəyər ki, 5 tur cəza alsın? Çörək qazandıqları yer buradır. Səhvlərin olması çox söz-söhbət yaradır.

- Oyundan sonra “İnter”in mühafizəçiləri ilə aranızda yaşanan insidenti necə qiymətləndirirsiniz?
- Dəqiq bilmədim. Eşitdiyimə görə, mühafizəçilər futbolçumuza qarşı hörmətsizlik edib. Diqqətli olsalar, daha yaxşı olar.

- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun “Zirə” ilə “qardaş” olmağı iddiası barədə ətraflı danışdı. Siz nə düşünürsünüz?
- “Qəbələ” ilə matçın son dəqiqəsi idi. Məcbur idik xal götürək. Baş məşqçimiz mənə dedi ki, irəli get. Qol vuracağımıza inam vardı. Qol vurduq, sevindik. “Qəbələ” kimi komandadan son dəqiqə qolu ilə xal almışıq, nəyə görə sevinməyək? O ki qaldı Rəşad Sadıqova, o cür insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur. Mən də deyirəm ki, elə bir şey varsa, Allah mənim bəlamı versin. ("Report")

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X