Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçiriləcək. Fanat.Az xəbər verir ki, diqqətlər Leverkuzen və Mançesterə yönələcək.
Son finalçı “Atletiko” “Bayer”in qonağı olacaq. Madrid təmsilçisi qrup mərhələsində güclü “Bavariya”nı qabaqlamağı bacarmışdı. “Bayer” isə ikinci yerin sahibi kimi adını 1/8 final mərhələsinə yazdırmışdı. “Atletiko” keçən həftə La Liqada “Sportinq Xixon” üzərində böyükhesablı qələbə qazanıb - 4:1. Rəqibi kimi, “Bayer” də ölkə çempionatının son turunda qələbəyə sevinib. Leverkuzen təmsilçisi səfərdə “Auqsburq”dan güclü olub - 3:1.
“Bayer”də Hakan Çalhanoğlu cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Conatan Tah və Admir Mehmedi isə zədədən əziyyət çəkir. “Atletiko”nun heyətində isə Bernabe Barraqan, Auqusto Fernandes, Dieqo Qodin, Xuanfran, Tiaqo və Yan Oblakın matçda iştirakı sual altındadı.
Günün digər matçında “Mançester Siti” və “Monako” komandaları qarşılaşacaq. Xosep Qvardiolanın yetirmələri qrup mərhələsində “Barselona”dan sonra ikinci olmuşdular. “Monako” isə E qrupunun birincisi kimi adını 1/8 final mərhələsinə yazdırmışdı.
Premyer Liqada ikinci pillədə qərarlaşan “Mançester Siti” ötən həftə İngiltərə kubokunda “Haddersfild”lə qolsuz bərabərə qalıb. “Monako” isə hazırda Fransa çempionatına başçılıq edir. Knyazlıq komandası 3 gün öncə “Bastiya” ilə heç-heçə (1:1) oynasa da, ilk pillədən düşməyib.
Qeyd edək ki, 1/8 finalın 4 oyunu ötən həftə keçrilib. "Bavariya" "Arsenal"ı 5:1, PSJ "Barselona"nı 4:0, "Real" "Napoli"ni 3:1, "Benfika" "Borussiya"nı (Dortmund) 1:0 hesabı ilə yenib. İlk oyunlar çərçivəsində son iki qarşılaşma sabah baş tutacaq. Bu oyunlarda "Portu" "Yuventus"u, "Sevilya" "Lester"i qəbul edəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi
İlk oyunlar
21 fevral
23.45 Bayer (Almaniya) - Atletiko (İspaniya)
Hakimlər: Uillyam Kollum, Françis Konnor, David Makneaşi, Alan Mulvanni (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Beaton (Şotlandiya).
Leverkuzen. "BayArena".
23.45 Mançester Siti (İngiltərə) - Monako (Fransa)
Hakimlər: Antonio Mateu Lahoz, Pau Kebrian Devis, Xavyer Rodriges, Teodoro Sobrino (İspaniya).
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Qomes (İspaniya).
Mançester. Şəhər stadionu.
Fanat.Az